Mediasiya xərcləri dövlət büdcəsindən ödəniləcək


Azərbaycanda "Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası" təsdiq edilib.

Baş nazir Novruz Məmmədov tərəfindən təsdiq edilən qaydaya əsasən, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri həmin şəxslərlə ilkin mediasiya sessiyası həyata keçirən və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış mediatorun və ya mediasiya təşkilatının təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında Mediasiya Şurası tərəfindən həmin mediatora və ya mediasiya təşkilatına nağdsız qaydada ödənilir.

Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin həmin xərcləri ödəmək üçün vəsaitinin olmamasını təsdiqləyən sənəd fiziki şəxsin müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Mediasiya xərclərinin ödənilməsinə ayrılan vəsait bu Qaydada nəzərdə tutulmayan digər məqsədlər üçün istifadə edilə bilməz.

Mediasiya xərclərinin ödənilməsinə ayrılan vəsaitin il ərzində istifadə edilməyən hissəsi ilin sonunda dövlət büdcəsinə geri qaytarılır.

Mediasiya Şurası hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, bu Qaydaya uyğun olaraq rüb ərzində faktiki mediasiya xərcləri ödənilən fiziki şəxslərin sayı (adı, soyadı və ünvanı göstərilməklə) və ödənilmiş vəsaitlərin məbləği barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edir.

Qeyd edək ki, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin, o cümlədən ailə münasibətlərindən irəli gələn mübahisələrin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı "Mediasiya haqqında" qanunla müəyyən olunan prosesdir.