Qəzaya uğrayan MiQ-29 təyyarəsinin "qara qutusu" tapıldı - Texniki vəziyyəti öyrənilir - FOTO


Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.
Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.İyulun 24-də təlim-məşq uçuşları zamanı Xəzər dənizində qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu barədə hələ ki heç bir xəbər yoxdur.
Təyyarənin pilotu Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli Lent.az -a bildirib ki, təyyarənin arxa hissəsi, motorunun qalıqları, arxa təkərləri sudan çıxarılsa da, ən ağır hissəsi olan gövdəsinin çıxarılması mümkün olmayıb: “İlk növbədə pilotun kabinəsi, kreslosunun tapılmasına diqqət yetirilir. Amma avqustun 18-dək bu istiqmətdə aparılan axtarışlar heç bir nəticə verməyib.
Təyyarənin ən ağır hissəsi hesab olunan gövdənin sudan çıxarılması da hələ ki mümkün olmur. Qanadlar da gövdəyə bağlıdır. Dənizin dibində olan dalğalar görmə bucağını aşağı salır. Dalğalar həm də dənizin dibində qum fırtınasının yaranmasına səbəb olur. 2-5 santimetrdən uzağı görmək mümkün olmur. Dalğalar imkan vermir ki, gövdəni bağlayıb sudan çıxara bilsinlər”.
Q.Hüseynli bildirib ki, axtarışlar Türkiyənin Hərbi Dəniz Qüvvələrinin Sualtı Komandası və Azərbaycan heyəti tərəfindən kamanda şəklində həyata keçirilir: “Fövqəladə Hallar Nazirliyinin dalğıcları da axtarışlarda kifayət qədər böyük iş görürlər. Axtarışlar Türkiyə dalğıcları ilə FHN dalğıcları tərəfindən birlikdə aparılır”.