Məktəbli formalarını yenə dəyişirlər: Bu kiminsə şəxsi istəyinə, fərdi zövqünə uyğun hazırlanmamalıdır

"Vahid məktəbli formasının hazırlanması ilə bağlı mütləq ictimai müzakirə açılmalı, ictimaiyyətin rəyi öyrənilməlidir"



Təhsilimiz çalxalanma dövrü yaşayır, deyəndə, bəziləri inciyir. Bu da təsdiqi: məktəbli formaları dəyişir. Niyə? Hazırkı formalara nə gəlib, nəyini bəyənmirlər ki, yenisini hazırlamaq fikrinə düşüblər? Əvvəl bunu açıqlamaq lazımdı, sonra yenisinin hansısa “üstünlükləri” ni sadalamaq. Guya yeni formalar fəsillərə uyğun olacaq, yuxarı siniflərin zövqünü oxşayacaq. “Yuxarı siniflərin zövqü” deyərkən?! Yəni necə? Sorğu keçirilib, araşdırma aparılıb ki, yuxarə siniflər necə məktəbli forması istəyir? Bəlkə yolda-izdə, parkda-bulvarda gəzintiyə çıxan yeniyetmələrin geyim tərzindən ruhlanaraq yeni məktəbli forması dizayn etmək istəyirlər? Yeniyetməlıərin zövqünə uyğunlaşdıracaqlarsa, gərək məktəbli formalarına zəncir elementi əlavə olunsun, geyimlərin üzərində “kuru kafa” şəkli, şalvarların dizi yırtıq, qızlar gəbəkdən yuxarı bluz, dizdən də yuxarı ətəkdə, oğlanlar da dabankeşlə geyilən şalvarda olsun. Niyə bir dəfəlik demirlər ki, qazanc yeri gəzirik? Ya da, nəsə yeniılik etmək istəyirik, amma ağlımıza bundan başqası gəlmir

Təhsil Nazirliyi öz işindədi. Nazirlikdə yeni vahid məktəbli formasının hazırlanması üçün işçi qrupu yaradılıb. Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, işçi qrupuna BTE-nin baş dizayneri, konstruktoru və baş mühəndisi də daxildir. Şöbə rəisi deyib ki, təkliflər sırasında yeni hazırlanacaq vahid məktəbli formasının fəsillərə görə fərqli olması da var: "Bizə Təhsil Nazirliyindən vahid məktəbli formasının yeni dizaynda hazırlanması ilə bağlı məktub daxil oldu. Həmin məktubda bizim dizayner və konstruktorun da iştirak etməsi qeyd edilmişdi. Mən Təhsil Nazirliyində yeni dizaynda vahid məktəbli formasının hazırlanması ilə bağlı işçi qrupunun iclasında iştirak etdim. Orada bir sıra təkliflər öz əksini tapmışdı. Əsas təkliflərdən biri yeni hazırlanacaq məktəbli formalarının müasir olması və fəsil amilinin nəzərə alınması məsələsidir. Təklif edilir ki, yuxarı sinif şagirdləri üçün vahid məktəbli forması onların zövqünə uyğun, müasir tərzdə olsun. Çünki, yuxarı sinif şagirdləri əksər hallarda məktəbli forması geyinməyə maraq göstərmirlər".E. Əzimov bildirib ki, yeni vahid məktəbli formasının gələn tədris ilinə hazırlanması nəzərdə tutulur: "Bu ilə bu işi təbii ki, çatdırmaq olmaz. Gələn tədris ilinə qədər yaradılan işçi qrupu bu istiqamətdə çalışacaq, təklif olunan dizaynlar müzakirə ediləcək. Yəqin ki, bizimlə yanaşı başqa tikiş fabrikləri də bu müzakirələrdə iştirak edəcək. Bizim bu işdə təcrübəmiz daha çox olduğundan, BTE-nin baş dizayneri, konstruktoru və baş mühəndisi də işçi qrupuna daxil edildi".
Bəs ekspert nə deyir? Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov “Şərq”ə açıqlamasanda qeyd etdi ki, olk növbədə bütün orta ümümtəhsil məktəblərinin vahid məktəbli formasına keçməsi təmin edilməlidir
"Misir Mərdanov təhsil naziri olanda vahid məktəbli formasına keçidlə bağli əmr imzaladı. Amma sonra gördük ki, əmrin məzmun və mahiyyəti qaldı bir kənarda, özfəaliyyətlər başladı. Bəzi məktəblər, hansı ki, şagirdlərinin əksəriyyəti imkanlı ailələrin övladları idi, özləri üçün xüsusi, digər məktəblərdən seçilən forma tikdirməyə başladılar. Bəziləri “şotlanka” deyilən parçadan forma tikdirdi, bəzisi başqa rənglər, elementlər seçdi, fərqlənməyə çalışdılar. Əgər əmr vardısa, lazım idi ki, bütün məktəblər eyni formada olsun. Amma olmadı. Bakı Tikiş Evinin geyimlərini bəyənməyənlər Türkiyədən parça sifariş etdilər, gizli sexlər məktəbli forması tikməyə başladı. Vahid məktəbli formasının mahiyyəti uşaqlar arasında sosial bərabərliyin təmin edilməsidir. Əgər şagird görürsə ki, hansısa məktəbin şagirdi geyimi ilə ondan üstündür, hansısa şagirdin geyimi onunkundan bahalıdır, daha burada hansı sosial ədalətdən danışmaq olar? Belə hallar uşaqlara mənfi təsir göstərir və əskiklik kompleksi yaradır. İndi mən də bilmirəm ki, yeni məktəbli formaları hansı dizaynda olacaq? Müasir tərzə uyğun deyəndə nələr nəzərdə tutulur? Vahid məktəbli formasının hazırlanması sadə məsələ deyil. Bunun üçün mütləq ictimai müzakirə açılmalı, ictimaiyyətin rəyi öyrənilməlidir. Yoxsa, bu işlər kiminsə şəxsi istəyinə, fərdi zövqünə tabe olmamalıdır. Tender elan olunmalı, təklif edilən dizaynlar ictimai rəyin müzakirəsinə verilməli və səs çoxluğu qazanan tərtibat seçilməlidir. Vahid məktəbli forması sadə və ən əsası qiymət baxımından əlçatan olmalıdır. Və daha əsas bir şərt formanın həqiqi vahidliyi təmin edilməlidir. Başqa məsələ, baş örtüyü ilə bağlıdır. Bilirsiz ki, baş örtüyü ilə bağlı ara-sıra narazılıqlar olur. Məktəbli qızların baş örtüyü ilə məktəbə getməsinin mümkünlüyünü iddia edənlər, imzalanmış əmrdə baş örtüyü ilə bağlı heç bir göstərişin olmadığına əsaslanır. Məncə, bu məsələ birdəfəlik həllini tapmalıdır. Azərbaycan tolerantlığı ilə seçilən ölkədir, ona görə də hər hansı narazılığa əsas verilməməlidir.
P.S Yeni məktəbli forması söhbəti iki filmimizi yada saldı. Biri “Bizim Cəbiş müəllimdi”. Həyat yoldaşının bütün canfəşanlığına, gətirdiyi istənilən səbəblərə baxmayaraq “Mən sabun bişirməyəcəyəm” deyir. İkincisi də, “Axırıncı aşırım”dı. Abbasqulu bəyin sözü: “Bunu bil ki, Kərbəlayi, neyləsən də, bu camaat Şura hökumətinə güllə atmayacaq”. Bizim Təhsil Nazirliyi də, nə etsə də - istəyir lap, formaya boynu xəzli gödəkçə əlavə etsin, yuxarı siniflərin bəzi şagirdləri məktəbli forması geyinməyəcək. Ziyana düşən yenə kasıb-kusub olacaq.