Vüqar Rəhimzadə: "Gəncə hadisələri dövlətçiliyimizə zərbə vurmaq məqsədi güdürdü"

“Bəzi radikal qruplar Gəncə hadisələrini törətməklə dövlətimizə yönəlmiş satqınlığın nümunəsini ortaya qoydular”. Bu sözləri “Sherg.az”a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor qeyd edib ki, separatçı qüvvələr hər zaman Azərbaycana qarşı qənim kəsiliblər:

“Onların törətdiyi əməllər ictimaiyyətimizə yaxşı bəllidir. Gəncə hadisələri birmənalı şəkildə dövlətçiliyimizə zərbə vurmaq məqsədi güdürdü. Həmçinin bu hadisələr böyük bir cinayət idi. Cinayət hadisəsi kifayət qədər faktlarla təsdiq olundu. Burada təkcə iştirakçılar deyil, onlara rəvac verən insanlar da bəllidir. Təbii ki, hansısa xarici ölkədə oturub Azərbaycanın əleyhinə iş aparan insanların əməlləri və çağırışları dövlətçiliyimizə qəsd və xəyanət idi. Belə qrupların fəaliyyətlərinə baxsaq görərik ki, onların əksəriyyəti bir çox dövrlərdə vəzifə tutmuş insanlar olublar. Onlar vəzifədə olduqları dövrdə xalqımıza xəyanət etmiş insanlar idi. Belələri yalnız şəxsi maraqları naminə çirkin niyyətlərini həyətə keçiriblər və Azərbaycanı istəməyən qüvvələrin erməni lobbisinin əlindəki alət rolunu oynayaraq ölkəmizdə sabitliyi pozmaqla məşğuldurlar”.

V.Rəhimzadə vurğulayıb ki, xalqımızı sevən, dövlətçilik ənənələrimizə sadiq olan vətəndaşlarımız belə qüvvələrə qarşı amansız  mübarizə aparmalı və onları layiqli yerlərinə oturtmalıdırlar:

“Dövlətimizin ali qanunları var. Bu qanunlar çərçivəsində cinayətkarlar cəzalanmalıdır. Həmçinin hüquq mühafizə orqanları dövlətçiliyə qarşı qəsd etmək niyyəti güdən və bu sahədə çağırış edənlərə qarşı lazımlı tədbirlər görməlidir”.

Qeyd edək ki, Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən Gəncə hadisələrindən bir il ötür. Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyata keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi. Son vaxtlar dövlətimizə zərər vurmaq istəyən həmin radikal qüvvələrin fəallaşdığı deyilir.