Anası döydüyü üçün evdən qaçdığını deyən azyaşlı qızla bağlı araşdırma aparılır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərinin onu döydüyü üçün qaçıb polisə sığınan uşaqla bağlı araşdırmalara başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova məlumat verib.

O, bildirib ki, Komitənin Uşaq şöbəsinə uşağa valideynləri tərəfindən fiziki güc tətbiq edilib-edilmədiyinin araşdırılmasına dair rəhbərlik tərəfindən tapşırıq verilib: "Səhər saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında qız uşağının anasının onu döydüyü və buna görə də evdən qaçdığı barədə məlumat yayılıb. Bizə hələlik həmin uşağın şəxsiyyəti barədə məlumat daxil olmayıb. Amma artıq rəhbərlik həmin qızla bağlı araşdırma aparmaq barədə göstəriş verib. Hazırda Komitənin Uşaq şöbəsi ona valideynləri tərəfindən fiziki zorakılığın olub-olmadığını araşdırır".

Qeyd edək ki, səhər saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında qız uşağı anası tərəfindən döyüldüyünü deyərək polisə sığınıb. Uşaq üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib. Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli açıqlamasında bildirib ki, hazırda uşaqla bağlı araşdırma hüquq mühafizə orqanları tərəfindən aparılır: "Polis həmin azyaşlının valideynlərini axtarır".