Rusiya gömrükdə yeni qaydalar qoydu: Şimal qonşumuz gizli iqtisadiyyatın qarşısını alır

Bu gündən Rusiyanın bir neçə gömrük keçid məntəqəsində yeni fitosanitar nəzarət qüvvəyə minib. Nəzarət olunacaq keçid məntəqələrindən biri də Azərbaycanın Dağıstanla sərhədindəki Yaraq - Qazmalar keçididir.
Yeni qaydalara görə, hər bir şəxs sərhəddən 5 kiloqramdan çox meyvə, tərəvəz, toxum keçirə bilməz. Bunun üçün fitosanitar sertifikat tələb ediləcək. Bu tip sertifikat Rusiya ərazisinə gül keçirilməsinə də tətbiq olunacaq. Yeni qaydaya görə, hər bir şəxsə 3 buketdən artıq gül keçirmək qadağandır.Qaydalar ananas, əncir, quava, avokado, manqo, pomidor, kələm, xiyar, yerkökü, kartof kimi meyvə və tərəvəzlərə də aid ediləcək.
Məlumdur ki, yerli sahibkarlar xüsusilə Rusiya və Dağıstana müəyyən məhsulları ixrac edirdilər. Yeni qayda və qoyulan limitlər isə kiçik sahibkarlar üçün əngəl yaradır. Bəs, məhsulların çəkisinə limit qoyulması nə ilə bağlıdır?

Sualımızı cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a bildirdi ki, sərhədyanı rayonlarda yaşayan vətəndaşlarımız Rusiya, Gürcüstan və İrandan Azərbaycan ərazisinə gün ərzində 2-3 dəfə keçdikdə həmin ölkələr də hansısa qida məhsullarının gətirilməsinə çərçivə qoyur:
“Ona görə Azərbaycan da alternativ olaraq çərçivəli daxilolmaları tətbiq edir. Hazırda Rusiya bu prosesi yerinə yetirir. Məqsəd isə odur ki, ilk növbədə gizli iqtisadiyyatın qarşısını alırlar. Ölkəyə daxil olan məhsulların əksəriyyəti satış üçün nəzərdə tutulur. Məsələn, bir ailə ay ərzində 3-4 kilo yağ istifadə edə bilər. Amma bir də görürsən ki, bir vətəndaş həftədə 5-10 dəfə sərhəddi keçir və hər dəfə də özü ilə yağ gətirir. Artıq həmin şəxsin bir məqsədi var ki, yağı iqtisadi dövriyyəyə cəlb edərək qazanc əldə etsin. Məsələn, yağı ucuz qiymətə İrandan gətirir və burada baha qiymətə satır. Bu nöqteyi nəzərdən məlumdur ki, ölkələrə məhsul daxil olanda gömrük rəsmiləşdirməsindən keçir və dövlətə rüsm köçürülür. Beləliklə gün ərzində balaca pay şəklində tonlarla məhsul ölkəyə daxil olduqda artıq gömrük rəsmiləşdirməsindən kənarlaşır. Ona görə yeni qaydalarla məhdudiyyətlər qoyulub.
İqtisadçının qənaətincə, qoyulan məhdudiyyətlərin digər məqsədi isə yerli istehsalı qorumaq üçündür:
“Adətən yerli istehsalı qorumaq məqsədi ilə bir çox ölkələrin gömrüyündə müəyyən məhdudiyyətlərə rast gəlmək olur. Lakin vətəndaş hansısa məhsulu rəsmi şəkildə keçirsə, gömrük ona məhdudiyyətlər qoymayacaq”.