Millət vəkili: "Sosial istiqamətdə islahatlar davam edəcək"

“Cənab prezidentin daxili siyasətində əsas istiqaməti Azərbaycan vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşması təşkil edir”.

Bunu Sherg.az-a  açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, bu günə qədər ölkəmizdə həyata keçirilən islahatlar əsasən sosialyönümlü olub:

“Sahibkarlığın inkişafına verilən dəstək, ixrac əhəmiyyətli məhsulların buraxılışının daim diqqətdə saxlanılması, gömrük və vergi sistemində şəffaflığın artırılması, ölkəyə xarici investiyaların cəlb edilməsi ilə bağlı atılan addımlar büdcəmizin böyüməsinə və sosial sahəyə ayırmaların artmasına səbəb olur. Bir il ərzində minimum əmək haqqı 2 dəfə çoxaldı. Həmçinin əhalinin müəyyən təbəqəsinin əmək haqqı, pensiya və təqaüdlərinin artırılması üçün ciddi işlər görülüb. Bu son hədd deyil. Yenə də sosial istiqamətdə islahatlar davam edəcək. Cənab prezident vaxtaşırı olaraq regionlarda insanlarla görüşərək real vəziyyəti birbaşa onlardan öyrənir və onların qarşısında hesabat verir. Ölkə başçısı vətəndaşlarımıza bildirir ki, bundan sonra da siyasətimizin mərkəzinə insan faktoru dayanacaq”.