Gəncə hadisələri dövlətçiliyimizə qarşı ciddi təxribat idi: Ekstremistlər məqsədinə çata bilmədi

“Gəncə hadisələri hər kəs üçün dərs olmalıdır. Bu ciddi təxribat idi”. Bu sözləri Sherg.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu deyib.

Onun sözlərinə görə, dövlətçiliyimizə zərər vuracaq hadisələrin təkrar olunmaması üçün mövcud səbəblər aradan qaldırılmalıdır:

“Gəncədəki hadisələr birmənalı olaraq separatçı qüvvələrin və terrorçu ünsürlərin təxribatı idi.  Belə təxribatlardan sığortalanmaq mümkün deyil. Amma istənilən halda dövlətin və cəmiyyətin vəzifəsi bu cür qüvvələri vaxtında ifşa etməkdir. Belə məsələlərdə dövlətlə cəmiyyət vahid halda çalışmalıdır ki, biri-birilərinə dəstək olsun”.

Ə.Oruclunun fikrincə, Gəncə hadisələri kimi terror aktının təkararlanmaması üçün xalqın əleyhinə gedən, xalqa yuxarıdan aşağı baxan, öz işini bilməyən və özünü yüksəkdə tutan bəzi məmurları vaxtında vəzifədən uzaqlaşdırılmalıdır:

“Dövlətimiz rəvac verməməlidir ki, kimlərsə belə hallardan sui-istifadə etsin. Təkcə cəza ünsürü işə salınmamalıdır. Məsələn, yalnız Gəncə deyil digər bölgələrdə də problemlər var. Bəzi məmurlar özünü xalqdan ayrı salır, aralarında süni sədd yaradırlar. Bu da nəticə etibarı ilə digər radikal ünsürlərin meydana çıxmasına, guya özünü xalqa yaxın göstərməsinə imkan yaradır. Belə halların qarşısının alınmasında dövlət və xalqın birləşməsi daha effektli olar”.

Qeyd edək ki, Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən Gəncə hadisələrindən bir il ötür. Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyata keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi. Son vaxtlar dövlətimizə zərər vurmaq istəyən həmin radikal qüvvələrin fəallaşdığı deyilir