Bakıda kirayə evlər ötən aydan bahalaşıb


İyul ayında Bakıda kirayə verilən evlərin qiymətində 2,28 faiz artım olub.

Bunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, avqustun sonlarından bu artımın daha da intensivləşəcəyi gözlənilir:

“Müşahidə edilən artım sentyabrın ortalarına kimi davam edəcək. Oktyabrın əvvəlindən isə bazarda sabitləşmə hökm sürəcək. Ümumiyyətlə, adətən, noyabrdan sonra kirayə evlərin qiymətlərində azalma müşahidə edilir”.

N.İbrahimov qeyd edib ki, ümumi olaraq avqust və sentyabrın birinci yarısında kirayə verilən evlərin qiymətində 6 və ya 7 faiz artım olacağı gözlənilir.

Ekspert onu da əlavə edib ki, sentyabrda gözlənilən artım daha çox tələbələrin üstünlük verdiyi orta və ucuz qiymətə kirayə verilən evlərdə olacaq.