ABŞ və Venesuela hökumətləri arasında gizli danışıqlar olub

ABŞ və Venesuela hökumətləri arasında gizli danışıqlar olub. APA-nın “Deutsche Welle”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela Prezidenti Nikolas Maduro yerli televiziya kanalında çıxışı zamanı deyib.

"Bizim gizli yerlərdə məxfi görüşlərimiz olub. Venesuela daxilində dialoq axtardığım kimi, Prezident Donald Trampın da Venesuelanı həqiqətən dinlədiyi bir yol axtarmışam”, - deyə N. Maduro bildirib.

Qeyd edək ki,  ABŞ Prezidenti Donald Tramp da Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, Venesuelanın müxtəlif təbəqələrini təmsil edən nümayəndələrlə yüksək səviyyədə danışıqlar aparılır.

Xatırladaq ki, bu ilin əvvəlində Venesuelada müxalifət lideri Xuan Quaydo özünü keçid dövrü prezidenti elan etdikdən sonra Vaşinqton və Karakas arasında gərginlik yaranıb. Rəsmi Vaşinqtonun X. Quaydonu keçid dövrü prezidenti kimi tanıması Venesuela hökumətinin etirazına səbəb olub və yanvar ayında Venesuela Prezidenti ABŞ ilə əlaqlərin dayandırılıdığını bəyan edib.

ABŞ Maduro hökumətinə qarşı sanksiyalar tətbiq edərək onu ölkədə yeni seçkilər keçirməyə çağırıb.