Ombudsman azərbaycanlını aşağılayan deputatı tənqid etdi

Gürcüstan ombudsmanı Nino Lomcaria Vətənpərvərlər Alyansı Partiyasından olan deputat Emzar Kvitsianini istənilən həssas qrupa qarşı diskrimnasiyaya yol verməməyə çağırıb.

Report xəbər verir ki, insan haqları üzrə müvəkkil bu çağırışı ÜmumGürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtağı Əsədovun müraciəti əsasında edib.

M.Əsədov bu il yanvarın 21-də parlamentin komitə iclasında E.Kvitsiani tərəfindən ayrı-seçkiliyə məruz qaldığını iddia edib. Toplantıda idarə sədrinin Azərbaycan dilində tərcüməçi vasitəsilə çıxışı parlament üzvünü hiddətləndirib. O, M.Əsədovun çıxışı zamanı “Heç nə başa düşmədim, bu şəxs kimdir? Gürcüstan vətəndaşıdır?” deyə replika atıb. M.Əsədov isə cavabında Gürcüstan vətəndaşı olduğunu deyib.

Deputat replikalarını davam etdirərək “Gürcüstan vətəndaşısınızsa, gürcü dilində danışın” deyib.

Ombudsman E.Kvitsianini parlament üzvü kimi Etika Məcəlləsinə riayət etməyə də çağırıb. O həmçinin parlament üzvünün replikalarının düzgün olmadığını qeyd edərək deputatın bu hərəkətini cəmiyyətdə gürcü dilini bilməyən vətəndaşların ifadə azadlığına göstərilən dözümsüzlük kimi qiymətləndirib.