Paşinyanla Qarabağ separatçıları arasında gərginlik davam edir: Narazılıq pik həddədir

Politoloq: "Düşmən ölkədəki qeyri-müəyyənlik, Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə də təsir göstərir"



"Rəsmi Yerevanla Dağlıq Qarabağ separatçıları arasında gərginlik və qeyri-müəyyənlik davam edir. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa nəzarəti ələ keçirmək planına qarşı separatçıların dirəniş göstərməsi prosesləri bir qədər də arzuedilməz məcraya daşıyır".
Sherg.az-ın məlumatına görə bu sözləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyəti, Dağlıq Qarabağ separatçıları ilə mərkəzi hakimiyyət arasındakı çəkişmələri dəyərləndirərkən deyib.
Analitik hesab edir ki, düşmən ölkədəki qeyri-müəyyənlik, Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə də təsir göstərir:
"Qarabağ erməniləri arasında ciddi narahatlıq var.  Siyasiləşmiş sosiumda ciddi müzakirələr bəzən etiraz aksiyalarına da çevrilir. Amma etiraz aksiyaları Qarabağ erməniləri üçün xarakterik hala çevrilməyib. Yerli hakimiyyət heç bir irəliləyiş yarada bilməyib. Mahiyyətinə görə yarada da bilməz. Çünki hərbi-quldur rejimdir, məqsədi Dağlıq Qarabağ ermənilərini müəyyən məcrada saxlamaqdır". 
Mərkəz rəhbəri qeyd edib ki, hazırda qondarma Dağlıq Qarabağın keçmiş baş naziri Arayik Arutyunyan birləşdirici faktordur: "Baş nazir işlədiyi dövrdə Dağlıq Qarabağa külli miqdarda xaricdən investisiya cəlb edə bilib. Xüsusilə Livanda güclü dayaqları var idi. Bu layihələr reallaşmadı, pul A.Arutyunyanın bank hesabına oturub". Ermənistanda keçirilən son etiraz aksiyalarına da diqqət çəkən politoloqun qənaətincə,  5 avqust mitinqinin gur keçməsini məhz  A.Arutyunyan təşkil etmişdi.  Onun sözlərinə görə, Nikol Paşinyanın manerası Dağlıq Qarabağın erməni əhalisinin daxili aləminə uyğun deyil: "Paşinyanın çağırışına Dağlıq Qarabağda o qədər adam toplaşa bilməz. Bu nonsensdir. A.Arutyunyan müəyyən rıçaqlara malikdir və bu mitinqi təşkil edə bildi. Bu mitinqin siyasi ssenarisinin müəllifi də A.Arutyunyan idi. Elə ona görə B.Saakyanın fitə basılmasına imkan vermədi. Bu funksiyanın icraçısı Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan idi. A.Arutyunyan siyasi əlaqələrə malikdir. Ermənistanın keçmiş Baş naziri Karen Karapetyanın qohumudur. Bu baxımdan o "Əskəran" qruplaşmasına yaxındır. "Əskəran" qruplaşmasında da əsas fiqur qondarma qurumun keçmiş Təhlükəsizlik Xidmətinin rəisi Samvel Balasanyandır. Yeri gəlmişkən, o da vaxtilə prezidentliyə namizəd olub və Dağlıq Qarabağdakı hərbi xuntanın hansı metodlarla işlədiyini çox gözəl bilir.Beləliklə Dağlıq Qarabağda baş verənləri bu qondarma qurumda prezident və yaxud hansısa bir rəhbər seçkisinə hazırlaşmaq kimi qəbul etmək düzgün deyil. Əhali sosial narazılığın ifadəsinə, xaosa doğru gedir. Bu aktivlik nəticəsində bu vaxta qədər Dağlıq Qarabağda qurulmuş teatrallaşdırılmış tamaşanın bütün səhnə dekorasiyaları söküləcək. Dağlıq Qarabağın tərəfdarı olan bir sıra xarici siyasilər də başa düşəcəklər ki, Dağlıq Qarabağda "demokratiya"dan əsər-əlamət olmayıb".

Mərkəz rəhbəri işğalda olan Kəlbəcər və Laçının sakinlərinin rayonlarının işğaldan azad olunması və yurdlarına qayıtması tələbinə də münasibət bildirib: "Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Leyla xanım Abdullayeva özünün tvitter hesabında məlumat verdi. Kəlbəcər və Laçının əhalisinin qayıtması Dağlıq Qarabağ münaqişəsinin praktiki mərhələsinin başlanğıcı ola bilər. Uzun müddətdir praktiki mərhələyə keçid mümkün deyil, müxtəlif mübahisələr gedir. Paradoksal görünsə də, Kəlbəcər və Laçına yerli əhalinin qayıtması ən asan məsələlərdən biridir. Birincisi, Kəlbəcər və Laçın rayonları ermənilər tərəfindən məskunlaşdırıla bilməyib. İkincisi, Azərbaycanın işğal olunmuş digər rayonları ilə müqayisədə Kəlbəcər və Laçında hərbi hissələri yoxdur, kiçik hərbi bölmələr yerləşdirib. Üçüncüsü, Kəlbəcər və Laçın Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşir. Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyan bir müddət öncə sərhədlərin birgə qorunması təşəbbüsü ilə çıxış etmişdi. A. Davtyanın bu ideyası da Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonunun ərazisində reallaşdırıla bilər; Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər və Laçın ərazisindəki hissəsi bu sərhədin Tovuz-Qazax, Naxçıvan və İran tərəfində olan hissələri ilə müqayisədə az strateji yükə malikdir".
Politoloq hesab edir ki, Azərbaycan XİN bu müraciətləri ATƏT Minsk Qrupuna göndərəcək və vasitəçilər sentyabr görüşünə qədər bu müraciətləri təklif formasında tərəflərə təqdim edəcək:
"Məcburi köçkünlərin Kəlbəcər və Laçına qayıtması ideyasının icrası Azərbaycan və Ermənistanın hər ikisinə tapşırıla bilər. Ermənistan özünün orada qalan kiçik miqyasda olan hərbi hissələrini təmizləyir, Azərbaycan isə əhalinin ora daşınması və təhlükəsizliyi ilə məşğul olur. Təhlükəsizlik məsələsində Azərbaycan ATƏT Minsk Qrupunun formalaşmış ideyalarından istifadə edə bilər. Kəlbəcər və Laçının azərbaycanlı əhali ilə məskunlaşması Ermənistana, onun Dağlıq Qarabağ siyasətinə müsbət təsir edəcək. Ermənistanın Dağlıq Qarabağa neqativ, destruktiv təsiri minimallaşacaq. ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan tərəfindən verilən və reallaşdırılması çox asan olan bu ideya ilə məşğul olmayacaqsa, o halda Azərbaycanın Dağlıq Qarabağın Ermənistanla olan kommunikasiyaları bağlamaq imkanı nəzərdən keçirilməlidir. Eləcə də o da nəzərə alınmalıdır ki, indi Azərbaycanın artilleriya qurğuları, raketləri hətta Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın və Kəlbəcər arasındakı hissəsini də hərbi təlimlərin coğrafiyasına qoşa bilər".