Baş redaktor: "Həmin TV-lər Azərbaycana düşmən qüvvələr tərəfindən maliyələşdirilir"

Aydın Quliyev: "Bu işə ciddi nəzarətin və dövlət orqanları xətti ilə xüsusi araşdırmaların tərəfdarıyam"



Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov xaricdə fəaliyyət göstərən siyasi mühacirlərlə bağlı feysbuk hesabında paylaşım edib.  O, bildirib ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardır:
“Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir”.
Maraqlıdır, ölkəmizə qarşı təbliğat aparan mühacirlərin sahibi olduğu internet televizyalarının maliyyə mənbəyi haradan qaynaqlanır? Məsələ ilə bağlı Sherg.az-a danışan“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, mühacirlərin sahib olduqları internet televiziyalarının maliyyə qaynaqlarının hamısını ifşa etmək mümkünsüzdür.
Baş redaktor deyib ki, xaricə mühacirət etmiş azərbaycanlı radikal mühacirlərin böyük bir hissəsinin özlərinin şəxsi maliyyə imkanları olmayıb: “Maraqlıdır, heç bir maliyyə imkanı olmadan Azərbaycandan köçüb gedən adam dərhal Avropa ölkələrində internet televiziya açır və ölkəmizin ünvanına təsəvvür olunmayan formada çıxışlar etməyə başlayır. Bəli, bu adamları həmin ölkələrdə xüsusi qarşılayan, onları müəyyən maliyyə ilə təmin edən və bu işə yönəldən qüvvələr var. Məhz həmin qüvvələrin təhriki ilə mühacirlər yerləşmək, oturmaq problemlərindən başayaraq ta ki, fəaliyyətlərinin qurulmasına qədər hər şeylə təmin olunurlar. Amma bəzi məqamlar açıq görsənir. Məsələn, sosial şəbəkələr üzərindən birbaşa izləyicilərə müraciət edərək onlara maliyyə yardımlarının göstərilməsini xahiş edirlər. Məlumata görə, onlar üçün bu xətlə sanballı formada maliyə toplanışı baş verir. Lakin bu da bəllidir ki, belə çağırışların müqabilində maliyyə toplanışlarında Azərbaycanın əleyhinə olan, düşmən mövqe tutan qüvvələr, xüsusilə də ermənipərəst dairələr, anti-Azərbaycançı siyasi mərkəzlər çox aktiv şəkildə iştirak edirlər. Bu cür adamlar onlara gələn maliyyənin hansı mənbədən gəlməyinə baxmayraq əslində Azərbaycana düşmən qüvvələrin vəsaitləri hesabına maliyələşirlər və bundan qəti şəkildə narahat olmurlar”. 
A.Quliyev qeyd edib ki, siyasi mühacirlərə dəstək olan və onları maliyələşdirən qüvvələrin təbliğat müstəvisində ifşa olunmasına ehtiyac var:
“Həmçinin müəyyən dövlət orqanlarının əli ilə araşdırmaların və tədqiqatların aparılması lazımdır. Çünki burada söhbət Azərbaycan əleyhinə olan fəaliyyətlərin, anti-Azərbaycançı qüvvələr tərəfindən maliyələşməsindən gedir. Bu, sırf dövlətin təhlükəsizliyi, informasiya məkanının qorunması məsələsidir. Ona görə də bu işə ciddi nəzarətin və dövlət orqanları xətti ilə xüsusi araşdırmaların tərəfdarıyam”.