Üç hamilə qızın erkən nigaha girməsi təsdiqlənsə…


Bir neçə gün əvvəl mətbuatda Ağdaş rayonunda nikah yaşına çatmamış 3 qızın hamilə qalması ilə bağlı məlumat yayıldı.
Belə ki, xəbərdə subay olduğu halda, 2003-cü il təvəllüdlü K.Ş. 2002-ci il təvəllüdlü A.Ə. və 2003-cü il təvəllüdlü S.F.-nin Ağdaş Rayon Mərkəzi Xəstəxanasına hamiləliklə bağlı müraciət etdiyi qeyd olunurdu.

Məsələ ilə bağlı Lent.az -ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, fakt təsdiqini tapıb və hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:
“Məsələ ilə bağlı Komitəyə məlumat daxil olduqdan sonra Ağdaş rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri ilə bağlı Komitəyə hesabat təqdim olunacaq. Bundan sonra ictimaiyyətə açıqlama veriləcək”.
Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, bu cür problemlərin altında qanunları bilməmək, mentallığı qanunlardan üstün tutmaq və cahilliyi təbliğ etmək dayanır. Birliyin sədri hesab edir ki, fakt araşdırıldıqdan sonra qızların erkən nikaha cəlb edildiyi ortaya çıxacaq:
“Bu faktın arxasında iki ehtimal dayanır. Ya bu qızlar zorlanıb, ya da öz aralarında razılaşma ilə səs-küysüz evləndirilib. Birinci halın ehtimalı azdır. Araşdırıldıqdan sonra hadisənin arxasından evlilik çıxdığını görəcəksiniz. Qızların yaş həddi var. Söhbət 2002-2003-cü illərdən gedir. 16 yaşı tamam olan qız olduğuna görə məcburi şəkildə cinsi əlaqəyə girmədiyini əsas gətirəcəklər. Amma hər halda hamiləlik varsa, deməli burda cinayət faktı var”.
K.Ağazadə bildirib ki, bu cür halların qarşısını almaq üçün hər zaman maariflənmə amilini önə çəkirik: “Bəzən deyirlər ki, filan rayonda maarifləndirmə aparmaq çətindir. Camaat çox aqressivdir və s. Demək ki, cəzanı ortaya qoymaq lazımdır. Bir-iki hadisədən sonra cəza olsa və hadisə, zamanla qarşısı alınacaq. Biz hər dəfə görürük ki, bu cür hallar olanda ağsaqallar düşür ortaya, barışıq edir. Nə barışıq? 18 yaşına çatmayan uşaqdan söhbət gedir. Bu yaşda uşağı evlənməyə məcbur edənlər Azərbaycan qanunvericiliyinə hörmət eləmir. Uşaq hüquqları haqqında qanuna hörmət eləmir”.
K.Ağazadənin sözlərinə görə, bəzən erkən yaşda ailə qurmağa məcbur edən icra nümayəndəsinin qohumu çıxır, toylarında da iştirak edirlər.
O hesab edir ki, problemin qarşısını almaq üçün cəzalandırılma ilə yanaşı, maarifləndirməyə də ehtiyac çoxdur:
“Daha çox uçqar kəndlərdə, qəsəbələrdə maarifləndirmə işi gücləndirilməlidir”.
Qeyd edək ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.