"Qara qutu"nun məlumatları: Qəzanın səbəbi dərin araşdırmadan sonra açıqlandı

Polkovnik: "Sürətli uçuş zamanı quşların təyyarə ilə toqquşması və şüşələrin sınmasından pilotun vəziyyəti çox pis ola bilir"



İyulun 24-də təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə nazirinin əmrinə əsasən qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.
Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb. Bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında (“qara qutu”sunda) olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə əsassız iddialar yer alıb. Bildiririk ki, hər uçuşdan sonra “qara qutu”dakı məlumatlar peşəkar aviasiya mütəxəssislərimiz tərəfindən xüsusi laboratoriyada öyrənilir, təhlil edilir, uçuş barədə informasiya müəyyənləşdirilir və bunun nəticəsində hərbi pilotun qarşıya qoyulan tapşırıqları necə icra etməsi və aviasiya vasitəsinin texniki vəziyyəti barədə tam təsəvvür yaranır. Bütün bunları nəzərə alaraq, məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsədəuyğun hesab edirik”.
Sosial şəbəkələrdəki yanlış iddialarla bağlı fikirlərini Sherg.az-la bölüşən ehtiyatda olan polkovnik Şair Ramaldanov təyyarənin quş dəstəsi ilə toqquşmasının mümkün hal olduğunu deyib.
Ekspert qeyd edib ki, MİQ-29 təyyarəsi qəzaya uğradığı ilk gündən etibarən ictimaiyyətdə müxətlif versiyalar səsləndirilirdi. Həmin versiyaları irəli sürənlər isə heç mütəxəssis deyillər:
“Müdafiə Nazirliyinin hadisə ilə bağlı müvafiq komissiya qərarı var. Həmin komissiya qəzaya uğramış təyyarə ilə əlaqədar lazımlı işlər apardı. Bundan sonra isə qəza baş verən yer təyin edildi və təyyarənin qalıqları sudan çıxarıldı, "qara qutu" tapıldı və müəyyən məlumatlar oradan oxundu. Komissiya qəzanın səbəbini elə-belə və necə gəldi demir. Hadisə araşdırılır, bütün məlumatlar nəzərdən keçirilir. Komissiyanı təşkil edənlər mütəxəssidirlər və onlar bütün məlumatları araşdırdıqdan, əsasən də "qara qutu" tapıldıqdan sonra ictimaiyyətə açıqlama verilir”.
Ekspert qeyd edib ki, bəzən sosial şəbəkələrdə çoxlu fikirlər səsləndirilir, nəyisə şübhə altına almağa çalışırlar. Digər tərəfdən isə Müdafiə Nazirliyi özü maraqlıdır ki, qəzanın səbəbini öyrənsin və gələcəkdə onu nəzərə alsın:
“Bilirik ki, quşların təyyarə ilə toqquşması nəticəsində çoxsaylı qəzalar baş verib. Səmimi deyim ki, təyyarə qəzaya uğrayandan 1-2 gün sonra piltolarımızla söhbət apararaq onlara sual verdim ki, qəzaya səbəb nə ola bilər? Təcrübəli pilotlardan biri isə dedi ki, “qısa zamanda təyyarənin qəzaya uğraması və pilotun təcrübəli olmasına baxmayaraq, o təyyarəni və özünü xilas edə bilməyib. Ola bilsin ki, təyyarə quşla toqquşub”. Həmin pilot sonra mənə başa saldı ki, Rəşad Atakişiyevin oturacaq yeri, yəni şüşəli kabinaya quş dəstəsi dəydiyi üçün sürət o qədər yüksək olub ki, kabina sınıb. Sürətli uçuş zamanı quşların təyyarə ilə toqquşması və şüşələrin sınmasından pilotun vəziyyəti çox pis ola bilir. Belə hallarda pilot elə bir zədə ala bilər ki, nə özünü, nə də təyyarəni xilas edə bilər”.
Ş.Ramaldanov həmçinin vurğuladı ki, təyyarənin quşlarla toqquşması məlumatını şübhə altına almağın heç bir əsası yoxdur:
“Kimsə başqa cür fikrilərşirsə, özbaşına yalan fikirlər səsləndirməməlidir. Konkret olaraq əlində dəlil varsa, ortaya qoya bilər. Yalnız bundan sonra həmin şəxslər danışa bilərlər. Komissiya ilk gündən yaradılmışdı. Amma hadisəni dəqiq araşdırmamış heç bir söz demirdi. Hər uçuşdan sonra təyyarənin bütün parametrləri, pilotun fəaliyyəti ilə bağlı təhlilər aparılır. Həmin təhlillələr də məhz “qara qutu”da olan məlumatlar əsasında əldə edilir. Ona görə də çoxları elə düşünür ki, ölkəmizdə “qara qutu” oxunmur. Düzünü desəm, əvvəllər mən də belə düşünürdüm. Lakin mütəxəssislərlə danışandan sonra bildim ki, hər uçuşdan sonra “qara qutu” nəzərdən keçirilir və uçuş parametlərinə baxılır. Müdafiə Nazirliyində yaradılan komissiya üzvlərinin hər biri peşəkardırlar və onların çıxartdığı rəyə heç bir şübhəm yoxdur. Ona görə də heç kim yersiz fikirlər irəli sürməli deyil”.