Övladını zəncirləyən ananın psixoloji vəziyyəti öyrənilməlidir - Bütün hallarda qadın cəzalandırılacaq

Övladına qarşı amansız rəfat edən “ana”ların sayı artıb. Xatırladaq ki, bir müddət öncə anası tərəfindən döyülərək işgəncəyə məruz qalan azyaşlı oğlan uşağı evi tərk etmişdi. Bu hadisə unudulmamış oxşar hadisə digər azyaşlının da başına gəlib.
Növbəti valideyn qəddarlığı isə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, ananın azyaşlı övladını zəncirləməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bəzi kütləvi informasiya vasitələrində azyaşlının valideyni tərəfindən zəncirlə bağlanması barədə məlumatlar dərc olunub.
Aparılmış araşdırmalar nəticəsində bəlli olub ki, 2010-cu il təvəllüdlü uşağın anası İsmayılova Şəhanə Məhərrəm qızı tərəfindən kirayədə yaşadıqları Nəsimi rayonu, Cavadxan küçəsi, 56 saylı evin 91-ci mənzilində nadinc hərəkətlər etdiyinə görə ayağından zəncirlə bağlanması faktı qeydə alınıb. İş üzrə hadisə yerinə baxış keçirilməklə maddi sübutlar götürülmüş, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, tibbi və məhkəmə psixoloji ekspertizaları təyin edilib.
Təəssüf ki, zaman-zaman bu cür acınacaqlı mənzərənin şahidi oluruq. Valideyni tərəfindən zorakılığa məruz qalan uşaqların sayı günü-gündən artmaqdadır. Bəs, qanunvericilikdə belə valideynləri hər hansı bir cəza gözləyirmi?
Hüquqşünas İradə Cavadova Sherg.az-a bildirdi ki, validyenlərin övladlarına qarşı zorakılıq və işgəncə faktları çoxdur. O, təəssüflə qeyd edib ki, hətta uşaq 14-15 yaşına çatanda döymə halları olması belə valideyn övladına qarşı aşağılayıcı ifadələr səsləndirir:
“Bu isə olduqca xoşagəlməz və yolverilməz bir haldır. Övladını zəncirlə bağlayan ananı Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə cəza gözləyir. Çünki həmin ana övladını azadlıqdan məhrum edir və onun hərəkət etməsinə imkan vermir. Bilmirik ki, ananın psixoloji durumu necədir. İlk olaraq onun bu durumu da araşdırılmalıdır. 10 yaşı tamam olmayan uşağa qarşı belə bir rəftar edən valideyn  145-ci maddəyə uyğun olaraq cəzalandırılmalıdır”.