Şadlıq sarayları və restoran sahiblərinə XƏBƏRDARLIQ EDİLDİ


Havaya atılan tullantıların azaldılması və normalara cavab verməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ictimai-iaşə obyektlərində monitorinqlərin və təmizləyici qurğuların quraşdırılması məqsədilə görülən kompleks tədbirlərin nəticəsi olaraq artıq restoran və şadlıq saraylarının 95 faizində qurğular quraşdırılıb.
Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, lakin bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması müşahidə olunduğundan ictimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib. Monitorinqlər zamanı bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya yenə də normadan artıq tullantı atıldığı məlum olub.
Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı dəyişdirilməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan “məcburi göstəriş”lər verilib. Monitorinqlər davam etdirilir.