Bəzi əmmalar ortaya çıxır: İzah verilməlidir ki, məktəbli formalarının yenilənməsi hansı zərurətdən doğur?

"İlk növbədə məktəblərin məktəbli formasını özlərinin müəyyənləşdirməsi səlahiyyəti aradan qaldırılmalıdır"



Məktəbli formaları növbəti tədris ilində yenilənəcək. Yeni vahid məktəbli formasının eskizlərinin hazırlanması üçün Təhsil Nazirliyində İşçi Qrupu yaradılıb. Bu barədə bir müddət əvvəl Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov KİV-ə açıqlama vermişdi. E.Əzimov bildirmişdi ki, İşçi Qrupuna BTE-nin baş dizayneri, konstruktoru və baş mühəndisi də daxildir. Təkliflər sırasında yeni hazırlanacaq vahid məktəbli formasının fəsillərə görə fərqli olması da var: "Bizə Təhsil Nazirliyindən vahid məktəbli formasının yeni dizaynda hazırlanması ilə bağlı məktub daxil oldu. Həmin məktubda bizim dizayner və konstruktorun da iştirak etməsi qeyd edilmişdi. Mən Təhsil Nazirliyində yeni dizaynda vahid məktəbli formasının hazırlanması ilə bağlı İşçi Qrupunun iclasında iştirak etdim. Orada bir sıra təkliflər öz əksini tapmışdı. Əsas təkliflərdən biri yeni hazırlanacaq məktəbli formalarının müasir olması və fəsil amilinin nəzərə alınması məsələsidir. Təklif edilir ki, yuxarı sinif şagirdləri üçün vahid məktəbli forması onların zövqünə uyğun, müasir tərzdə olsun. Çünki yuxarı sinif şagirdləri əksər hallarda məktəbli forması geyinməyə maraq göstərmirlər".

E.Əzimov bildirib ki, yeni vahid məktəbli formasının 2020-2021-ci tədris ilinə hazırlanması nəzərdə tutulur: "Bu ilə bu işi təbii ki, çatdırmaq olmaz. İşçi Qrupu növbəti tədris ilinə qədər bu istiqamətdə çalışacaq, təklif olunan dizaynlar müzakirə ediləcək. Yəqin ki, bizimlə yanaşı başqa tikiş fabrikləri də bu müzakirələrdə iştirak edəcək. Bizim bu işdə təcrübəmiz daha çox olduğundan, BTE-nin baş dizayneri, konstruktoru və baş mühəndisi də işçi qrupuna daxil edilib".
Yenilik, əlbəttə müsbətdir. Amma... Bəzi əmmalar ortaya çıxır. Birincisi, Təhsil Nazirliyi izah verməlidir ki, məktəbli formalarının yenilənməsi hansı zərurətdən doğur? Əgər məsələ təkcə yuxarı sinif şagirdlərini nəhayət ki, “formaya  salmaq”dısa, bu cəhdin uğursuzluğa düçar olacağı, bəri başdan bəllidir. Neyçün ki, ox yaydan çıxıb artıq. Bundan belə yuxarı sinif şagirdlərinə məktəbli forması geyindirmək müşkül məsələdir. Kiçik və orta siniflər isə yenə bir az sözəbaxandılar. “Qara camaat”ın övladlarının təhsil aldığı məktəblərdə şagirdlər Bakı Tikiş Evinin tikdiyi məktəbli formalarını geyinir. “Bərkgedən” məktəblərsə, onsuz da vahid forma saymır. Onların öz formaları var. Başqalarından fərqli. Yox əgər, vahid məktəbli formalarının yenilənməsinin arxasında sırf ticari maraqlar, gəlirlərin artması məqsədi dayanırsa, daha bir söz deyə bilmərik. Bunları qoyuruq bir kənara. Bir suala cavab axtaraq ki, hazırda artıq məktəb bazarlığına başlamış və övladına vahid məktəbli forması almış və ya almağa hazırlaşan valideynlər bir ildən sonra yeni forma almalı olacaq? Məlumdur ki, bəzən uşaqlar məktəbli formasını 2-3 il geyinə bilir. Sosial durumu aşağı olan ailələr bir övladının geyimini digər övladına geyindirir, məktəbli formasını 1 ölçü böyük alırlar ki, növbəti ildə də uşaq geyinə bilsin, bununla ailə büdcəsinə ziyan dəyməsin. İndi necə olacaq? Bu il alınan məktəbli formaları cəmi 1 mövsüm geyiləndən sonra istifadəsiz qalacaq? Ailələr niyə, nədən maddi itkiyə məruz qalmalıdır? 

Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında vahid məktəbli formasının bir dəfə dəqiq təsdiqlənməli olduğunu dedi:

"Məktəbli formaları niyə belə tez-tez dəyişdirilir? Səbəb nədir? Yəni bu ölkədə normal tərzdə vahid məktəbli forması üçün dizayn düşünəcək adam yoxdur? Problem bundan başlayır ki, orta məktəblərin daxili Nizamnaməsinə vahid məktəbli formasını məktəb özü təyin edə bilir. Məktəblərə belə bir səlahiyyət verilib deyin, hər məktəb könlü istəyən, direktorun xoşu gələn formada məktəbli geyimi müəyyənləşdirir. Əgər ölkədə vahid məktəbli forması tətbiq olunursa və BTE də bu formaları istehsal edirsə, bütün məktəblər o formanı geyinməlidir. BTE-nin formaları işə yaramırdısa niyə onları vahid məktəbli forması kimi təsdiqləyirdilər? Bəs bu vahid məktəbli forması kimin üçündür? İlk növbədə məktəblərin məktəbli formasını özlərinin müəyyənləşdirməsi səlahiyyəti aradan qaldırılmalıdır. Düzünü demək lazımdır ki, BTE-nin istehsal etdiyi məktəbli formaları keyfiyyətlidir. Şəxsən mən övladıma BTE-nin tikdiyi formalardan almışam, narazı da deyiləm. İstifadə olunan parçalar da keyfiyyətlidir. Soyuq günlərdə, qış aylarında da uşaqları isti saxlayır. 

L.Mehralı bildirdi ki, valideynlərin əksəriyyəti məktəb bazarlığı edib artıq, məktəbli forması da alıblar. Əgər vahid məktəbli formalarını dəyişdirmək fikirləri vardısa, bunu əvvəlcədən xəbər verməliydilər:
- Deməli, valideyn bu il aldığı məktəbli formasını növbəti tədris ilində övladına geyindirə bilməyəcək, deməli, ailələr ziyana düşəcək. Bunu əvvəldən planlaşdırmalı, istehsalı azaltmalı və elan etməliydilər ki, məktəbli formaları dəyişəcək, hələ ki, imkanınız çatanı geyinin, tünd rəngli alt, açıq rəngli üst geyim. Oğlanlar tünd şalvar, ağ köynək, qızlar tünd ətək, ağ köynək, yeni vahid forma təsdiqlənib satışa çıxarılanadək. “Müasir tərz” deyəndə nəyi nəzərdə tuturlar? Bir qarışlıq ətəkləri? Dizi yırtıq şalvarları? Məktəb müasirlik nümayişi poliqonu olmamalıdır. Məktəb ciddi təlim-tərbiyə ocağıdır. Bir məktəb direktoru vardı, pencəyinin qolu ilə məktəbli qızların yanağına sürtərdi, pencəyin qolu ağappaq olardı. Pilləkənin başında dayanardı, dizdən yuxarı, qısa ətəklə dərsə gələnləri evə göndərirdi ki, a bala, sənin anan görmür evdən hansı formada çıxırsan?! Belə gənc qızlar indi də var. Şəxsən mən hesab edirəm ki, məktəbli qızların ətəkləri dizdən aşağı olmalıdır. Məktəb rəhbərləri bilmir ki, oğlanlar pillələrin ayaq ucunda dayanıb yuxarı qalxan qızları izləyir? Məktəbli qız əyninə qısa ətək geyinibsə, sonrasını özünüz təsəvvür edin. Mən təklif edərdim ki, vahid məktəbli formasında qızlar üçün diz qapaqlarını örtən ətək-şortlar olsun. İngiltərə məktəblərində belədir. Həm gözəl görünür, həm də sərbəst hərəkət üçün əlverişlidir. Bir dəfə vahid forma təsdiqləsinlər, hamı da ona tabe olsun, ailələri əlavə xərcə salmasınlar. 2-3 məktəbli övladı olan ailə hər dəfə məktəbli formasına 200 manat pul xərcləməlidir. Bunun hələ digər məktəb ləvazimatı da var axı.