Bölgənin taleyi həll edilir: Ərdoğan-Putin danışıqları çox qaynar keçəcək - ŞƏRH

“Ərdoğan-Putin görüşündə müzakirə ediləcək əsas məsələnin “İdlib problemi” olacağı gözlənilir”. Bunu Sherg.az-a açıqlamasında siyasi şərhçi Azər Rəşidoğlu deyib
Politoloqun sözlərinə görə, bu məsələdə Moskva və Ankara anlaşa bilmir:  “Ərdoğan dolayısı ilə də olsa açıqlayıb ki, əgər, Kreml Ankaranın maraqlarını nəzərə almasa, o yenidən Vaşinqtonun təsir dairəsinə qayıda bilər. Bu məsələdə isə ruslarla türklərin anlaşması problematikdir. Türkiyə sərhədlərini qorumaq üçün Suriya ilə sərhədlərdə hərbi əməliyyat keçirtməlidir. Kürd qruplaşmalarına isə bir sıra Qərb ölkələri ilə yanaşı, Rusiya da dəstək verir. Bu, maraqların toqquşmasıdır. Digər tərəfdən, Kremlin tələbinə görə, Ankara Suriyada nəzarətdə saxladığı islamçı hərbi birləşmələri geri çəkməli və Əsəd hakimiyyətini müdafiə etməlidir. Türkiyə belə addım atarsa, özünü çıxılmaz vəziyyətə sala bilər”. 
Analitik bildirib ki, Türkiyə onu gözləyən iqtisadi böhrandan qurtarmaq üçün ABŞ-dan kreditlər almağa məhkumdur
“Rusiyadan “S-400” almaqla Ankara Vaşinqtonu qəzəbləndirib. Rusiya ilə daha çox yaxınlıq Türkiyə üçün təhlükəlidir. Ən pisi isə odur ki, Türkiyə Rusiyanın arzularını həyata keçirən bir ölkəyə çevrilməkdədir. Bu isə Ərdoğan əleyhdarlarını birləşdirir. Ərdoğan və Putin razılığa gələ bilməsələr, iki ölkə arasındakı qarşıdurmadan İsrail, ABŞ, İran faydalana bilər. Türkiyənin qarışması və yaxud Rusiya ilə gərginlik bütün bölgəyə, o cümlədən Azərbaycana da təsir göstərəcək. İstənilən halda, Ərdoğan-Putin danışıqları çox qaynar keçəcək. ABŞ Türkiyəni öz təsir dairəsinə qaytarmaq niyətindədir və əvvəl-axır buna nail olacaq. Rusiya və Türkiyə əməkdaşlığı uzun müddət davam edə bilməz. Türkiyənin istiqaməti Qərbə doğrudur. Ərdoğanlı, ya Ərdoğansız bu baş verəcək”.