Davudoğlu CHP-yə qoşula bilməz: Sabiq baş nazir sağ-mərkəzçi ideologiyanın daşıyıcısıdır 

“Türkiyə demokratik dövlətdir. Kiminsə arzusundan asılı olmayaraq, münasibətlər sivil yolla tənzimlənir və siyasi təsisatların qurulmasına hər hansı formada əngəl törədilmir”
Bunu “Sherg.az”a açıqlamasında AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov deyib. 
Partiya təmsilçisi bildirib ki, AKP-nin sabiq tanınmış simalarından olan prezident Abdullah Gül və baş nazir Əhməd Davudoğlunun yeni partiya quracaqları ilə bağlı mövzu Türkiyə ictimaiyyətində çoxdan müzakirə olunmaqdadır
“Hətta bu məsələyə prezident Ərdoğan səviyyəsində sərt reaksiya bildirilib. Ərdoğan və AKP-nin narahatlığı ondan ibarətdir ki, əgər Gül, yaxud Davudoğlu partiya qursalar hakim partiyanın sosial bazası və elektoratı zərbə alacaq. Davudoğlunun CHP-ə qatılması ilə bağlı təklifə gəlincə isə, CHP sekulyar və kamalist idelogiyaya mənsub sol partiyadır. Davudoğlu isə əsasən sağ-mərkəzçi ideologiyanın daşıyıcısıdır və mötədil islama bağlıdır. Ona görə eks baş nazirin ana müxalifət partiyasından qoparacağı çox az şey var. Əhməd Davudoğlu ehtiyatlı və Qərbpərəst siyasətçidir. Məhz bu xüsusiyyətlərinə görə Qərbin dəstəyini ala bilər. Əgər Davudoğlu partiya yaradaraq AKP-nin 5-10 faiz səsini öz tərəfinə çəkə bilsə, bu, iqtidar üçün ciddi problem yarada bilər. Milliyətçi Meral Akşənər MHP-dən ayrılaraq partiyanı parçaladı və xeyli səs aldı. Bu baxımdan Əhməd Davudoğlu AKP üçün təhlükə sayıla bilər”. 
Qeyd edək ki, sabiq baş nazir Əhməd Davudoğlunun eks müşaviri Atılqan Bayar bir sıra açıqlamalar verib. O, bildirib ki, yeni partiya qurmaq iddiasında olan keçmiş baş nazir Əhməd Davudoğlu uğur qazanmayacaq:
“Davudoğlu və komandasının uğurlu və funksional ola biləcəyi tək məkan CHP-dir. Ya CHP-yə qoşulsunlar, ya da siyasi iddialarından imtina etsinlər. “Davudoğlu hərəkatı”ndan yeni siyasi cərəyan gözləmək mənasızdır. Yeni siyasi hərəkat yaradacaq potensial yoxdur bu komandada...”.