Yol polisi düz edir: Toy karvanlarında şou göstərib, ölümlə nəticələnən qəzalar törədirlər

Ekspert: "Maşınlar tor karvanı ilə gedirsə, 5-6 maşın kifayətdir. Həmin maşınlar da yalnız bir cərgə ilə getməlidir"



Baş Dövlət Yol Polisi İdarəsi toy karvanları ilə bağlı tədbirlərə start verib. Məlumdur ki, toy karvanlarında iştirak edən avtomobil sürücülərinin bir çox hallarda yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları olduqca narahatçılıq yaradan haldır. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi maarifləndirmə və təbliğat tədbiri həyata keçirib.
DYP əməkdaşları müxtəlif ərazilərdə yerləşən avtomobil icarəyə verilən yerlərdə görüşlər keçirdiblər.Görüş zamanı yol polisi əməkdaşları təbliğat işləri ilə yanaşı, həmin yerlərdə çalışan əməkdaşlara və toy mərasimi üçün avtomobilləri götürən sürücülərə BDYPİ tərəfindən hazırlanmış bukletlər təqdim olunub. Bukletlərdə olan tövsiyələrin əsas mahiyyəti, toy mərasimi üçün avtomobilləri icarəyə verərkən, sürücülərlə profilaktik söhbətlər aparılmalı, xəbərdarlıq olunmalıdır ki, sürücülər toy karvanı zamanı yol hərəkəti qaydalarına əməl etsinlər. Eyni zamanda sürücülər hərəkət zamanı yol hərəkəti iştirakçılarına maneə yaratmamaq və optimal sürət seçməklə ötmə, manevr qaydalarına əməl edərək avtomobillərin hərəkəti zamanı yalnız bir zolaq üzrə sağ tərəfdə idarə etmək tövsiyə olunur.
DYP-nin toy karvanları üçün nəzərdə tutulan tədbirləri ilə bağlı Sherg.az-a danışan “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, məsələ uzun illərdir ki, problem olaraq qalır.
Ekspertin sözlərinə görə, hələ də toy karvanlarında şou göstərən, ağır qəzalar törədən sürücülərə rast gəlinir:
“İstər DYP, istərsə də digər qurumlar və ekspertlər tərəfindən edilən müraciətlərə baxmayaraq sürücülər toy karvanlarında iyrənc görünən əməlləri təkrar edirlər. Hətta dəfələrlə müraciət olunub ki, toy sahibləri belə halların imkan verməsinlər. Bununla bağlı sosial çarxlar hazırlanıb və tövsiyələr öz əksini tapıb. 
Məlumdur ki, toylar axşam tərəfi saat 5-dən etibarən başlayır. Həmin saatlarda isə ölkədə sıxlıq müşahidə olunur. Baxırsan ki, toy karvanları yollarda əlavə yüklənməyə səbəb olur. 3 zolaqlı yolun hamısını zəbt edirlər. Bu yaxınlarda Heydər Əliyev Hava Limanı istiqamətində özüm rast gəldim ki, toy karvanı 6 zolaqlı yolun hamısını zəbt edib, yol istəyəndə də vermirlər. Yoldakı bütün maşınlar da gözləyir ki, bu karvanların şousu nə vaxt başa çatacaq?”.
E.Muradlı qeyd edib ki,  toy karvanları sürətli yolda aşağı-60-70 sürətlə hərəkət edirlər. Bu isə düzgün deyil:
“Arxadan 120 ilə gələn maşın toy karvanına çırpılır. Yol hərəkəti haqqında qanun və qayda var. Maşınlar tor karvanı ilə gedirsə, 5-6 maşın kifayətdir. Həmin maşınlar da yalnız bir cərgə ilə getməlidir. Hərdən “ağıllı”nın biri əks tərəf yola çıxıb yolu kəsir ki, gəlib toy karvanı keçsin. Əks istiqamət yolla hərəkət edirlər, qırmızı işığın tələbini pozurlar. Ümumiyyətlə, toy karvanlarında bu cür kobud qayda pozuntutuları çox baş verir”. 
Ekspertin qənaətincə, toy karvanları ilə bağlı müəyyən standartlar hazırlanmalıdır:
“Avtomobillərin sayı, hərəkət mexanizmi, zolaqlar təyin olunmalıdır. Kütləvi informasiya vasitələrində də bu məsələ təbliğ edilməlidir. Yol polisinin sonuncu addımı təqdirəlayiqdir. Çünki adətən avtomobili kirayə verənlər toy sahibləri ilə ünsiyyətdə olurlar. 
DYP-nin Baş İdarəsi ilə danışqlarımız olub. Bu yaxınlarda gedib restoranlarda görüşlərimizi keçirəcəyik. Düşünürəm ki, şadlıq evlərinin girişlərində, foyesində bukletləri yapışdırmaq lazımdır ki, insanlar oxuyub öyrəsinlər. Kirayə verilən avtomobillərə də bu məlumatlar yapışdırılmalıdır. Toy sahibləri maşını sürənlərə bildirsinlər ki, toy karvanında hoqqabazlıq etməsinlər. Bu, hər bir toy sahibinin borcudur”.