Tiflis Kremllə yaxınlaşmaq istəyir: Gürcüstan rəhbərliyi anlayır ki...

“Gürcüstan Cənubi Qafqaz ölkələri arasında Qərbə inteqrasiya yolunda müəyyən yol qət edib”. Bunu Sherg.az-a açıqlamasında politoloq Rusif Məmmədsoy deyib
Ekspert bildirib ki, Gürcüstan hökuməti Qərbdən ehtiyat edir: “Ukrayna hadisələrindən sonra Qərbin hər hansı dəstəyinin olmaması hazırkı hökuməti narahat edir. Prezident Salome Zurabişvili başa düşür ki, heç kim hazırkı vəziyyətdə Rusiya kimi nəhənglə qarşı-qarşıya gəlmək istəməyəcək. Bu səbəbdən də Gürcüstan hökuməti radikal addımlardan qaçmaq və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir. Təbii ki, buna əsas səbəblərdən biri də Azərbaycanla yaşanan son konfliktlər ola bilər. Gürcüstan Azərbaycanın rəhbərlik etdiyi iqtisadi layihələrdə əsas aktor kimi çıxış edir. Hansı ki, bunu hər hansı investisiya qoymadan edir. Lakin, son hadisələrdən sonra gürcü hökuməti Azərbaycan tərəfdən də təzyiqlərlə üzləşə biləcəyini anladı. Rusiya ilə əməkdaşlıq məhz gürcülərə qarşı atılacaq addımlardan qorunmaq məqsədi daşıyır”. 
Analitik xatırladıb ki, bir müddət əvvəl Rusiya ilə Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafı da gündəmdə idi
“Burada belə bir sual ortaya çıxır ki, Azərbaycandan olduqca aşağı qiymətə qaz alan bir dövlət niyə buna alternativ fikirləşsin? Görünən odur ki, Gürcüstan tərəfi müəyyən balans yaratmaq istəyir. Düşünürəm ki, bu düşüncələr yaxın gələcək üçün planlaşdırılmayıb. Məlumdur ki, ölkəmizdə Türkiyənin hərbi bazalarının yerləşdirilməsi ilə bağlı fikirlər səsləndirilir. Təbii ki, bu da qonşu xristian ölkələrdə narahatlıq yaradır. Bunun məntiqi nəticəsi kimi ən ideal variant yaxın qonşu ilə normal ünsiyyət qurmaqdır. Lakin, bu heç də o demək deyil ki, Gürcüstan tərəfi bunu könüllü edir. Sadəcə məcburi addım kimi qiymətləndirmək lazımdır. Əsas səbəblər isə NATO-Türkiyə münasibətilərinin hazırkı vəziyyəti, Rusiyanın Türkiyə ilə əməkdaşlığı və İvanaşvili amilidir”. 
Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, Rusiyanın mövqeyinin dəyişməsi Tiflislə Moskva arasında dialoqun yenilənməsi üçün əsas ola bilər. Prezidentin sözlərinə görə, yalnız bu halda Gürcüstan Rusiya ilə kontaktlara hazır olacaq: “Rusiya ilə hansısa kontakta sahib olmaq üçün biz Moskvanın mövqeyində kiçik qonşusuna qarşı hansı dəyişikliyin baş verdiyini anlamalı olacağıq. Rusiya bilməlidir ki, münasibətlər məcburiyyət üzərində qurula bilməz. Biz aydın siqnallar görsək, dialoqa hazır olacağıq”.