İqtisadçı: "Gömrük rüsumlarının ləğvi benzinin pərakəndə satış dəyərini sabit saxlamaq məqsədi daşıyır"

Sentyabrın 1-dən Azərbaycana idxal edilən tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzini 15 faiz gömrük rüsumundan azad edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Qərar 90 gün müddətində qüvvədə olacaq.

Məsələni dəyərələndirən iqtisadçı-erkspert Pərviz Heydərov Sherg.az-a bildirdi ki, gömrük rüsumlarının ləğvi adları çəkilən yanacaq növlərinin pərakəndə satış dəyərini sabit saxlamaq məqsədi daşıyır

İqtisadçı qeyd edib ki, Aİ-95 markalı benzin ümumiyyətlə, kənardan gətirilirdi, yəni daxildə istehsal olunmur:

“Aİ-92-ə gəldikdə isə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu təmirdə, başqa sözlə desəm, modernləşdirilmədə olduğundan həm faktiki istehsal dayanıb, həm də mövcud ehtiyatlar azalır. Yəni, Aİ-92 üzrə də idxalsız keçinmək mümkün deyil. Və bu, getdikcə dayanıqlı hal alır. Bütün bunların fonunda isə ölkədə Aİ-92 və Aİ-95 markalı benzinlərə təbii olaraq tələb artmaqdadır. Çünki həm ölkəyə avtomobil idxalı genişlənir, həm də ümumiyyətlə, əhalinin gəlirləri yüksəldikcə nəqliyyat vasitələrindən istifadə artır. Yəni ki, bu, elə bir tendensiyadır ki, əslində həmişə yüksələn dinamika üzrə inkişaf edir və etməlidir də. Başqa sözlə desəm, yanacağa tələbat iqtisadi artım olan bir ölkədə qarşısıalınmaz prosesdir.
Bəs, sözügedən sahədə perespektivdə bizi nə gözləyir? Əvvəla, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu tam gücü ilə işə düşsə belə, hər iki markada benzin həm də kənardan idxal olunacaq. Bunu, yuxarıda qeyd etdiklərimə əsasən bazar diqtə edir. İkincisi, bu sahədə qiymətləri gömrük rüsumlarını və yaxud aksiz vergi dərəcəsini minimuma endirməklə uzunmüddət sabit saxlamaq mümkün deyil. Belə ki, qiymətlərin nə vaxtsa bahalaşacağı qaçılmazdır. Üçüncüsü isə, hökumətin bu sahədə ümumiyyətlə, qiymətləri idarəetmə və ya ona təsir etmə, tənzimləmə mexanizmi fikrimcə, dəyişdirilsə yaxşıdır”.

Ekspert bildirib ki, idxal qaydalarını aşağı və yuxarı doğru "oynatmaqla" sözügedən sahədə bazarı keyfiyyətli şəkildə nəzarətdə saxlamaq bu gün üçün olmasa da, sabahkı gündə effektsiz xarakter daşıdığını göstərə bilər:

“Buna əyani misal və yaxud sübut ondan ibarətdir ki, Aİ-95 markalı benzinin qiyməti artıq, xeyli müddətdir ki, sərbəst bazar qanunları ilə tənzimlənsə də, sual olunur ki, bəs, nədən onun qiyməti bu günədək 0,25 qəpik də varsa bir dəfə də olsun ucuzlaşmadı?! Yəni, belə bir hala rast gəlinməyib, Aİ-95 mərhələlərlə bahalaşaraq bu gün 1,50 azn qiymətə satılır. Demək, yenə də bahalaşmağa meyillidir ki, həm də Aİ-95 üzrə idxal gömrük rüsumu 90 günlük müddətinə aradan götürülür. Məncə, fikrim, kifayət qədər aydındır”.