Deputatın təklifi dəstək qazandı: "Qarabağ Universiteti yaradılmalıdır"

Millət vəkili Aydın Mirzəzadə Xankəndi Pedaqoji İnstitutunun cəbhə xəttinə yaxın bir yerdə Ağcabədidə, Bərdədə, Ağdamda yerləşə biləcəyi ilə bağlı təklif səsləndirib. Deputat bildirib ki, hələ 1973-cü ildə sovet Azərbaycanının rəhbəri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri Xankəndində Pedaqoji İnstitut açılıb.
Onun sözlərinə görə, bəlkə də SSRİ-də az-az institutlarda vardı ki,  orada üç dildə tədris aparılırdı və bunlardan biri də məhz həmin institut idi:“O institutun açılması Qarabağdakı Azərbaycan icmasının öz mövqeyinin möhkəmlənməsində, Azərbaycan ictimai fikrinin öyrənilməsində çox böyük rol oynayıb. Çox təəssüf ki, məlum Dağlıq Qarabağ məsələlərindən sonra həmin institut Şuşaya köçdü,  Şuşanın işğalından sonra Azərbaycanın başqa regionuna köçdü, sonda isə hansısa universitetə birləşdirildi.Ona görə mən belə hesab edirəm ki, həmin institutu – Xankəndi Pedaqji İnstitutu bərpa edilməlidir. Tələbə qəbulu verilməlidir. O institut-universitet cəbhə xəttinə yaxın bir yerdə Ağcabədidə, Bərdədə, Ağdamda, lap Mingəçevirdə yerləşə bilər və  bir qaçqın universiteti kimi ermənilərin işğalçılıq siyasətinə qarşı ideoloji silah kimi onun mövcudluğundan istifadə edə bilərik”.
Həmkarının təklifi ilə bağlı Sherg.az-a açıqlama verən millət vəkili Aqil Abbas bildirdi ki, sözügedən təklifi ilk dəfə o səsləndirib:
“Bildirmişdim ki, Xankəndi Pedoqoji İnstitutu Qarabağ Universiteti adlandırılsın. Xankəndi Pedoqoji İnstitutu hazırda Ağcabədidə yerləşir və Pedoqoji Universitetin filalı kimi fəaliyyət göstərir. Həmçinin institutun maddi texniki bazası, müəllim və tələbə heyəti də mövcuddur. Bir zamanlar deputat Zahid Oruc da Qarabağ Universitetinin yaradılması ilə bağlı cənab prezidentə müraciət etmişdi. Yəni, bu məsələ çoxdan müzakirə olunur. Aydın Mirzəzadə də  çox sağ olsun ki, mövzunu  yenidən gündəmə gətirib”.