Sülhə ziyan, müharibəyə təhrik: Paşinyan Qarabağın işğalı faktını açıq etiraf edir

"Bu, sensasiyon etiraf olmaqla yanaşı həm də Azərbaycan diplomatiyası üçün əvəzolunmaz bir fürsətdir"



“Hazırkı baş nazir Nikol Paşinyan da öz sələflərinin tayıdır”. Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib
Partiya sədri bildirib ki, danışıqlar məsələsi gündəmə gələrkən rəsmi İrəvanın dərhal prosesə zərbə vuran açıqlamalarla çıxış etməsinin bir sıra səbəbləri var:  "Qarabağ kart"ı hakimiyyətdə kimin olmasından asılı olmayaraq həmişə erməni rəhbərlərinin əlində siyasi vasitə olub. Biz bunu Levon Ter-Petrosyanın dönəmində görmüşük. Ermənistanın sonrakı liderlərinin dövründə də situasiya dəyişməyib. Onlar Qarabağ məsələsindən öz hakimiyyətlərini gücləndirmək və ya erməni cəmiyyətinin siyasi etirazlarını boğmaq üçün istifadə ediblər. Paşinyan öz sələflərinin ən pis və uğursuz davamçısıdır. Düzdür, ilk başdan guya Paşinyan  indiyə qədər heç bir erməni liderinin etmədiyi işi görməyə gəlmişdi. Hətta Dağlıq Qarabağ konfliktini həll edəcəyini iddia edirdi. Lakin proseslərin sonrakı gedişatı göstərdi ki, Paşinyan əslində olduqca zəif, iradəsiz və qətiyyətsizdir. Onun əlindən ölkəsindəki siyasi proseslərin arxasınca sürünməkdən başqa heç nə gəlmir. Üstəlik də, Paşinyanın seçki öncəsi çıxışlarında demokratikləşmə və iqtisadi inkişafla bağlı erməni xalqına verdiyi vədlərini yerinə yetirə bilməməsi Ermənistanın hazırki baş nazirini çıxılmaz duruma salıb”. 
Ekspertin sözlərinə görə, Paşinyan düşdüyü durumdan çıxa bilmək üçün Koçaryanın və Sarkisyanın yolu ilə gedərək "Qarabağ kartı"ndan istifadə etməyə, sıravi ermənilərin işğalçı, millətçi hisslərini qızışdıraraq daxildəki siyasi gərginlikləri nisbətən arxa plana keçirməyə çalışır
“Lakin baş nazir bu zaman hiss edə bilmir ki, daxildə populist üsullarla xal qazanmaq üçün verdiyi anlamsız, məsuliyyətsiz bəyanatları nəinki onun özünün, eləcə də bütövlükdə Ermənistanın ziyanına işləyir. Onun Qarabağa dair təzadlı bəyanatları ilk baxışdan bizi qıcıqlandırmağa və erməni cəmiyyətinin psixoloji ovqatını yönləndirməyə hesablansa da, digər tərəfdən Paşinyan açıq etiraf etmiş olur ki, bəli, Ermənistan həqiqətən də təcavüzkardır. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Yəni ilk dəfədir ki, hökumət başçısı səviyyəsində etiraf edilir ki, bu ölkə işğalçıdır. Bu, sensasiyon etiraf olmaqla yanaşı həm də Azərbaycan diplomatiyası üçün əvəzolunmaz bir fürsətdir”. 
Ə.Hüseynov bildirib ki, biz Paşinyanın özünün və onun komanda üzvlərinin son dövrlər Dağlıq Qarabağla bağlı səsləndirdiyi ziddiyyətli açıqlamaları əlimizdə əsas tutaraq, diplomatik, siyasi, informasiya müstəvisində fəal iş aparmalıyıq
“XİN rəhbərimiz Elmar Məmmədyarov və onun diplomat korpusu Ermənistanın təcavüzkarlığını beynəlxalq ictimaiyyət qarşısında ifşa etmək üçün "hücum diplomatiyası"na keçid etməlidir. Əminəm ki, rəsmi Bakı Nikol Paşinyanın öz rabitəsiz və səriştəsiz açıqlamaları ilə Ermənistanı siyasi və diplomatik dalana salması faktından maksimum yararlanmağa çalışacaq. Düşmən ölkənin siyasi, diplomatik səhvləri bizim xeyrimizə işləyir”.