Düşmən cəbhədə təxribat törədir: Rəsmi Bakının "Aprel əməliyyatı"nı təkrarlamaqdan başqa yolu qalmaya bilər 

Politoloq: "“Savaşın başlayacağı təqdirdə Paşinyan öz diletant bəyanatları ilə uzun müddət tab gətirə bilməyəcək"



“Paşinyan cəbhə xəttində toqquşmalara getməyi planlaşdırarsa, Bakının “Aprel əməliyyatı"nı təkrarlamaqdan başqa yolu qalmaya bilər”.  Bunu Sehrg.az-a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib. Analitik vurğulayıb ki, Ermənistanın baş naziri diplomatik etiketi pozmaqla yanaşı,  ifrat populist bəyanatları ilə münaqişəni daha da dərinləşdirir
“Savaşın başlayacağı təqdirdə Paşinyan öz diletant bəyanatları ilə uzun müddət tab gətirə bilməyəcək. Bu baxımdan, onun üçün yeganə yol Bakının və ATƏT-in Minsk Qrupu həmsədrlərinin şərtlərini qəbul etməkdən keçir. Heç bir populist bəyanat bu reallığı dəyişmək gücündə deyil. Ümumiyyətlə siyasi təcrübəsi olmayan Nikol Paşinyan “Qarabağ danışıqları”nda özünü necə aparmaq lazım olduğunu bilmir. Paşinyanın baş nazir seçilməsi ilə Qarabağ danışıqlarında taym-aut götürüldü. Bir müddət bu münaqişə barədə ümumiyyətlə danışmayan, “mən Ermənistanın başçısıyam, “DQR”-in öz başçısı var” deyən Paşinyan ictimai rəydə nüfuzunun aşağı düşdüyünü anladı. Baş nazir yenidən Qarabağ mövzusunda danışmağa başladı və sərt bəyanatlar səsləndirdi. Lakin hər kəsə bəlli idi ki, Paşinyanı Qarabağın taleyi az maraqlandırır. Onun bir məqsədi var - ölkədə apardığı repressiya siyasətinə haqq qazandırmaq və özünü Qarabağın müdafiəçisi kimi qələmə vermək. Paşinyan istər yumşaq, istərsə də sərt bəyanatlarında çox naşı görünür. Belə bir təsəvvür formalaşır ki, o, Qarabağla bağlı hansı addımları atmağın zəruri olduğunu bilmir. Digər tərəfdən baş nazir erməni cəmiyyətinin ümidlərini doğrulda bilmir. Bu gün Ermənistandakı vəziyyət əvvəlki hakimiyyətin dövründəkindən heç nə ilə fərqlənmir. Əksinə vəziyyət daha da ağırlaşmaqdadır”. 
Siyasi şərhçinin sözlərinə görə, Paşinyanın davranışlarına əsasən demək olar ki, onun əsas məqsədi hakimiyyətdəki mövqelərini möhkəmləndirməkdən ibarətdir
“Xankəndində “miatsum” şüarını səsləndirməklə Paşinyan Ermənistan siyasətində hələ də əsas söz sahibi olan “Qarabağ klanı”nın dəstəyini qazanacağına ümid edir. Bəllidir ki, Paşinyanın “Qarabağ klanı” ilə ciddi problemləri var. Baş nazir bu qruplaşmadan ehtiyat edir. “Qarabağ klanı”nın orduda nüfuzu hələ də güclüdür. Habelə, bu klan istədiyi vaxt iqtisadi sabotaj həyata keçirə bilər. Digər tərəfdən, “Qarabağ klanı”nın arxasında Moskva dayanır və bircə bu faktın özü Paşinyanı təşvişə salmağa kifayət edir. Bu baxımdan, Ermənistanın baş naziri Qarabağ mövzusunda manipulyasiya etməklə özünü qorumaq istəyir. Lakin Paşinyan unudur ki, artıq 1988-ci il deyil və “miatsum” şüarı ilə sosial problemlərdən əziyyət çəkən sadə vətəndaşların rəğbətini qazanmaq imkansızdır”.
Ekspert xatırladıb ki, hazırda iqtisadi inkişafa nail olmaq üçün Ermənistanın özünün resursları yoxdur:  
“Azərbaycan və Türkiyə ilə sərhədlər bağlıdır. İqtisadiyyatı birbaşa Azərbaycanla bağlı olan Gürcüstanın isə  Ermənistana verə biləcəyi heç nə yoxdur. Ermənistan Rusiya ilə ciddi problemlər yaşayır. İrəvanın müttəfiqliyə can atdığı İrana isə dünya dövlətlərinin münasibətləri məlumdur. Bu baxımdan Ermənistanın kimdənsə yardım almaq imkanı yoxdur. Rusiyaya  qarşı “nankorluq” edən  İrəvan Qərbdən gözlədiyi krediti ala bilmir. Ölkəyə xarici maliyyə yatırımları qoyulmur. Erməni diasporu ölkəyə sərmayə qoymur. Paşinyan dünyada yaşayan erməni iş adamlarına səslənərək “birlik naminə” maliyyə yardımı xahiş etdi. Bunun populist bəyanat olduğunu hər kəs anlayır və ciddiyə almır”.
A.Rəşidoğlunun fikrincə, dünya gücləri Bakı və İrəvandan Qarabağla bağlı konkret mövqe tələb edirlər
“Bakının mövqeyi beynəlxalq hüquqda təsbit edilən müddəalardan ibarətdir. Paşinyan isə Qarabağ danışıqları ilə bağlı konkret plana malik deyil. Onun bu istiqamətdə verdiyi bəyanatlar ziddiyyətli, təzadlıdır və bir-birini inkar edir. Bir qədər əvvəl Qarabağın danışıqlarda tərəf kimi iştirakını tələb edən, əks halda ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edəcəyi ilə hədələyən Paşinyan bu gün “miatsum” deyir. Bu baxımdan, yenə də sual yaranır: Paşinyan hansı addımları ata bilər və onun ümumiyyətlə, Qarabağla bağlı siyasətinin ana xətti nədən ibarətdir? Ehtimal etmək olar ki, Paşinyan vəziyyəti daha da gərginləşdirməkdə davam edə bilər. Yəni,  “miatsum” şüarının ardınca İrəvanın qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyini" tanıya biləcəyini də ehtimal edə bilərik. Lakin Paşinyan nəzərə almalıdr ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan çıxan tərəf məğlub olacaq. Əgər Ermənistan “DQR”-in müstəqilliyini tanıyarsa, bu qərar Paşinyanın sonunu gətirə bilər.  Ermənistan bu formatdan çıxmaq istəyirsə, onun bir yolu qalır - Azərbaycanla razılıq əldə etmək. Erməni baş nazir gözəl anlayır ki, Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti birmənalı olaraq Bakının xeyrinədir və İrəvan istəsə belə, müharibə variantını ağlından keçirə bilməz. "Nə hərb, nə sülh" vəziyyəti də uzun müddət davam edə bilməz".