Cəbhədəki gərginlik: Atəşkəsin pozulmasına görə Paşinyan hökuməti məsuliyyət daşıyır

“Erməni ordusunda genarilitet hələ də Paşinyana tabe deyil”. Bunu Sherg.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib
Ekspert bildirib ki, Rusiyanın dəstəyi ilə “Qarabağ klanı” hələ də erməni ordusunda söz sahibidir:  “Amma bir məsələ var ki, Paşinyanın müdafiə naziri Tonoyan bu yaxınlarda Azərbaycan əsgərini snayper gülləsi ilə qətlə yetirmiş erməni hərbiçisini şəxsən mükafatlandırdı. Bu da cəbhə xəttindəki gərginliyə görə Paşinyan hökumətinin birbaşa məsuliyyət daşıması anlamına gəlir. Paşinyan qeyri-sabit siyasətçi təsəvvürü bağışlayır. Fikrimcə, o heç özü də dəqiq bilmir ki, Ermənistan üçün nə istəyir. İndiki erməni iqtidarı ölkənin gələcəyi üçün heç bir strategiyaya sahib deyil. Sadəcə mütəmadi populist və taktiki gedişlərlə gündəmdə qalmaq istəyirlər. Siyasətdə populizim önəmlidir, amma bu populizmin arxası ilə real işlər gəlməlidir. İqtidar ancaq populizmlə çox uzağa gedə bilməz. Paşinyan hakimiyyəti görüntü yaradır ki, guya real işlərlə məşğuldur”. 
Analitikin sözlərinə görə, erməni hökuməti “Qarabağ klanı” ilə müqayisədə özünü Azərbaycana qarşı daha qaba aparır
“Bunu özləri edir, yoxsa başqalarının istəyini həyata keçirirlər, məlum deyil, əslində bunun fərqi də yoxdur. Görünən odur ki, Ermənistanda iqtidarda kimin olmasından asılı olmayaraq, bu ölkə könüllü şəkildə bizə heç bir torpaq qaytaran deyil. Əslində istəsə belə qaytara bilməz, çünki buna imkan verməzlər. Azərbaycan bunu nəzərə alaraq hərəkətə keçməlidir. Torpaqlarımızı güc yolu ilə azad etməliyik”.