“Minimum əmək haqqının 250 manata qaldırılması inqilabı addımdır

“Bu, ilk növbədə cənab Prezidentin apardığı sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, minimum əmək haqqının 180 manatdan 250 manata qaldırılması inqilabı addımdır: 

“İndiyə qədər bir çox belə sərəncamlar olub, ancaq bu cür sıçrayışla ilk dəfə rastlaşmışıq. Bu sərəncam indiki zamanda Azərbaycanın iqtisadi imkanlarına 
adekvat addımdır. Əlbəttə, iqtisadi imkanlarımız yüksək olmasaydı, belə bir addım atmaq mümkün olmazdı. Dövlət başçısının sərəncamı nəticə etibarı ilə Azərbaycan xalqının, ələlxüsus sosial baxımdan aşağı səviyyədə yaşayan vətəndaşlarımızın rifah halının yaxşılaşmasına xidmət edən bir addımdır”. 

Parlament üzvü bəyan edib ki, gələcəkdə də bu cür addımların şahidi olacağıq: 

“Bütövlükdə əsas məqsəd Azərbaycanda aşağı və orta təbəqinin, eyni zamanda dövlət sektorunda çalışan, büdcədən maliyyələşən insanların yaşayış səviyyəsinin yüksəlməsidir. Nəzərə alaq ki, minimum əmək haqqının artırılması təkcə dövlət sektoruna aid deyil, həm də biznes fəaliyyəti ilə məşğul olan, özəl sektorda çalışan bütün insanlara şamil olunur.

Məhz ölkə rəhbərinin apardığı uğurlu siyasətə uyğun olaraq dövlət sektorunda, hüquq-mühafizə orqanlarında və özəl sektorda çalışanların əmək haqqları 250 manatdan aşağı ola bilməz. Ona görə də bu addım ancaq və ancaq alqışlanmalıdır”.