Deputat: “Azərbaycan öz torpaqlarını işğaldan azad etməli...”

Elman Məmmədov: "...və sərhədlərimizi öz sərhədçilərimiz qorumalıdır. Belə olduğu təqdirdə ermənilər, ruslar və başqaları bizdən icazə alacaqlar”



İrəvan meri Ayk Marutyan Azərbaycanın işğal edilmiş Xankəndi şəhərinə səfər edib. 

Onun Xankəndidə “Qarabağda İrəvan günləri” tədbirlərində iştirak etdiyi vurğulanıb. Məlumata görə, A.Marutyan Qarabağda hərbi hissələrdən birini də ziyarət edib. 

Bu cür səfərlərin daha öncə də baş tutduğunu nəzərə alsaq, düşmən tərəfin cəmiyyətimizdə qıcıq doğurduğunu anlamaq o qədər də çətin deyil. İrəvan merinin növbəti səfəri də məhz buna dəlalət edir. 

İrəvan merinin bu addımını sərt şəkildə pisləyən millət vəkili Elman Məmmədov “Sherg.az”a bildirib ki, ermənilərin ərazilərimizlə bağlı məqsədləri hər zaman məlumdur. 

Parlament üzvü hesab edir ki, istər Ermənistanın rəsmi siyasi rəhbərliyi, istərsə də bütün erməni vətəndaşları sərbəst şəkildə işğal altında olan ərazilərimizə gəlib-gedirlər:

“Heç kim də onların gəlib-getməsinə maneçilik törədə bilmir. Sadəcə olaraq, biz 30 ildir etiraz edirik və bəyənatlar veririk. Amma bu etiraz və bəyənatlara nə Ermənistan rəsmiləri, nə də dünyanın müxtəlif ölkələrinin rəsmiləri əhəmiyyət verirlər. Onlar hər zaman öz bildiklərini edirlər, istədikləri zaman torpaqlarımıza ayaq basırlar. Hələ ki heç nə edə bilmirik. Nəsə etmək və bu durumun qarşısını almaq üçün ərazi bütövlüyümüzü, sərhədlərimizi bərpa etməliyik. Bundan sonra isə ərazilərimizə gəlib-gedənlər bizdən icazə alacaqlar. Həmin ərazilər Ermənistanın işğal altında olduğu üçün onlar kimə icazə verib çağırırsa, onlar da torpaqlarımıza gəlirlər. Bizdən isə heç kim heç nə soruşmur. Çünki bu gün  həmin ərazilərə nəzarətimiz yoxdur. Bu nəzarətlər bərpa olunmalı, Azərbaycan torpaqlarını işğaldan azad etməli və sərhədlərimizi öz sərhədçilərimiz qorumalıdır. Belə olduğu təqdirdə ermənilər, ruslar və başqaları bizdən icazə alacaqlar”.