“Ermənistanın daxilində vəziyyət həddindən artıq gərgindir”


“Paşinyan münaqişə ilə bağlı bir-birinə uyğun olmayan açıqlamalar piar xarakteri daşıyır və baş nazirin populist siyasətçi olduğunu sübut edir”.  

Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Analitik bildirib ki, Ermənistanın daxilində vəziyyət həddindən artıq gərgindir: 



““Qarabağ klanı” hansı yolla olur-olsun Paşinyanın əlindən hakimiyyəti almağa çalışır. Hətta klanın başçısı Robert Koçaryan bununla bağlı planlar cızmaqdadır. O ki qaldı, sırf Qarabağ danışıqlarına, artıq Paşinyanın “miatsum” bəyanatı danışıqlara böyük zərbə vurub. Bu da onu göstərir ki, Ermənistan hökuməti nəinki Qarabağ, hətta ətraf rayonlarla bağlı kompromisə hazır deyil. Təkcə hökumət deyil, erməni cəmiyyəti belə hansısa rayonun Azərbaycana qaytarılmasını müzakirə etmir. Əksinə, bu məsələyə çox emosional yanaşırlar. Paşinyanın və Mnatsakanyanın açıqlamaları, həmsədr ölkələrin susqunluğu Azərbaycanı yeni taktikaya əl atmağa sövq edir”. 

Ekspert vurğulayıb ki, rəsmi Bakının proseslər qarşısında susqunluq nümayiş etdirməsi dünya ictimaiyyəti tərəfindən başqa cür anlaşıla bilər. Lakin düşmənə hələlik cavab verməməyimizin real səbəbi var: 

“Azərbaycan hökuməti çox yaxşı bilir ki, Paşinyan və onun komandasının məqsədi rəsmi Bakını təhrik etməkdir. Ermənistanla sərhəd boyu atəşkəsin mütəmadi pozulması da göstərir ki, Ermənistan həm diplomatik, həm də hərbi cəbhələrdə təxribatçı addımlar ataraq Azərbaycana qarşı mövqe sərgiləyir.

Məlumdur ki, müxtəlif ölkələrdə Ermənistanı himayə edən dairələr var. Həmin qüvvələrin məqsədi Cənubi Qafqazdakı münaqişənin daha isti fazaya keçməsinə nail olmaqdır. Paşinyan isə elə zənn edir ki, cəbhədə lokal müharibənin başlaması və erməni ordusunun “uğur” əldə etməsi onun azalan reytinqini yüksəldəcək”.