Falçılar kimləri, necə və niyə öz “tor”larına salırlar ? – Kulturoloq detalları açıqladı – ALDANMAYIN !

 Aydın Xan Əbilov:  “Ölkəmizdə falçılar daha çox savadsız insanları öz “tor”una salır. Əlbəttə ki, savadsızlıq, maarifsizlik olan cəmiyyətlərdə cadugərlər, ekstrasenslər, yalançı elmlə məşğul olan insanlar at oynadacaqlar”


“İnsanlarımız isə hər şeyi müftə əldə etməyə meyllidirlər. Orta məktəbdə pul verib attestat alırlar, uşağı ali məktəbə hazırlaşdırırlar, ali məktəbdə isə rüşvət verib bal yazdırırlar”


“Falçıların arxasında böyük qüvvələr dayanır. Deyilənə görə bir çox məmur və iş adamları onları müdafiə edir. Bu şəxslər reklamlarına yaxşı pul buraxırlar və çoxlu müştəri qazanırlar”



İnsanın başına bədbəxt, pis hadisələr gələn zaman pessimistliyə qapanır. İşlərinin düzgün getməməsi, evdə olan problemlər, münasibətlərdə gərginlik bir çox insanları yanlış fikrə sövq edir. Çıxılmaz, çarəsiz vəziyyətdə olduğunu düşünənlər isə son ümid yeri olaraq falçı, baxıcı, molla qapılarına üz tuturlar.

Falçılara üz tutanlar daim mütəfəkkirlərin əsərlərində də tənqidə tuş gəlib. “Dərviş Parisi partladır” filmi yəqin ki, çoxlarının yadındadır. Buna baxmayaraq “Fala inanma, faldan da qalma” deyərək özlərini aldananlar da çoxdur.

Dəfələrlə maarifləndirici çağırışların edilsə də mövcud vəziyyət dəyişmir. Yenə də baxıcılardan nəsə umanlar var. Ötənlərdə adının çəkilməsini istəməyən Feysbuk istifadəçilərindən biri baxıcıya gedənlərlə bağlı maraqlı status paylaşıb. İstifadəçi qeyd edib ki, rayon camaatından biri qapısında saxladığı 60 toyuğun 52-sini bir-bir baxıcıya pul əvəzi verib. İl ərzində 52 dəfə baxıcıya üz tutan insanlar var. 



Vəziyyəti dəyərləndirən kulturoloq Aydın Xan Əbilov “Sherg.az”a açıqlamasında söyləyib ki, Kütləvi İnformasiya Vasitələri (KİV) insanlara və ictimai düşüncəyə təsir edən böyük platformadır. Son zamanlar isə bunlara internet, sosial şəbəkələr və saytlar da qoşulub. 

Onun sözlərinə görə, falçılar, onların reklamı və piyarı ilə bağlı materiallar çoxaldıqca insanların falçılara meyli artır:

“İki cür cəmiyyət olur. Bir dini, digəri isə elmi cəmiyyət. Məsələn, Avropa cəmiyyəti elmi cəmiyyətdir. Bizim cəmiyyət isə dinin daxil olduğu Şərq cəmiyyətidir. Xüsusən də Asiya, Afrika və  Latın Amerikası ölkələri dini inanclara daha çox meyl göstərirlər. Ona görə də intellektual səviyyəsi aşağı olan cəmiyyətlərə malikdirlər”. 

Kulturoloq vurğulayıb ki, ölkəmizdə falçılar daha çox savadsız insanları öz “tor”una salır:

“İnsanlarımız isə hər şeyi müftə əldə etməyə meyllidirlər. Orta məktəbdə pul verib attestat alırlar, uşağı ali məktəbə hazırlaşdırırlar, ali məktəbdə isə rüşvət verib bal yazdırırlar. Daha sonra da pul müqabilində övladlarını işə qoyurlar. İmkan vermirik ki, uşaqlarımız öz bilik və bacarıqları ilə pul qazansınlar. Pullu olaraq işə düzələndən sonra uğursuzluğa düçar olurlar. Çünki indi kapitalizm hökm sürür. Heç vaxt savadsız adamı işdə saxlamırlar, müəyyən müddət keçəndən sonra onu ya işdən azad edirlər, ya da ixtisara salırlar. Beləliklə ata-ana falçıya, mollalara və cindarlara üz tutur. Valideynlər falçılara gedərək işdən çıxarılmış və ya ailə həyatında uğursuzluğa düçar olmuş övladlarının bəxtini “açmaqla” məşğul olurlar. Bununla da falçıların bazarı get-gedə güclənir. Əlbəttə ki, savadsızlıq, maarifsizlik olan cəmiyyətlərdə cadugərlər, ekstrasenslər, yalançı elmlə məşğul olan insanlar at oynadacaqlar. Azərbaycanda bu daha güclüdür. Tarixən də belə olub. Kimsə oxumur, zəhmət çəkmir, hansısa biliyə yiyələnmir, amma tez-bazar gedib hansısa pirdə pul atmaqla, falçının yanına gedib bəxtini açmaqla məşğul olur”.

Kulturoloq diqqətə çatdırırb ki, insanlar falçıların savadsız psixoloq olduqlarını anlamalıdır:

“Onlar böyük bir iş görmürlər. İnsanları dinləyirlər və onların bədən dilindən, fikirlərindən oxuduqlarını geri qaytarırlar. Deyirlər ki, “Sizə dua yazacam, gedin və uğur qazananda gəlib mənim mükafatımı verərsiz. Çətinliyə düşəndə isə bir də gələrsiz yanıma, yeni dua yazaram”. İnsanların böyük əksəriyyəti isə məğlub olur. Amma yalançı psixolqun tövsiyyəsindən həvəslənib gedib öz üzərində işləyərək uğur qazanırlar, ya da bəxtləri gətirir. Beləliklə falçıların şöhrətini daha da artırmaq üçün onların adını yayırlar.

Son vaxtlar falçılar daha çox şou -bizneslə məşğul olurlar. Onların da arxasında böyük qüvvələr dayanır. Deyilənə görə bir çox məmur və iş adamları onları müdafiə edir. Bu şəxslər reklamlarına yaxşı pul buraxırlar və çoxlu müştəri qazanırlar. Axundovdan və lap ondan da qabaq Nizaminin, Fizulinin və digər dahilərimizin əsərlərində falçılığın yalanı və günahı ilə bağlı çoxlu fikirlər var. Təəssüf ki, xalqımız filosoflara, alimlərə yox, falçılara, cadugərlərə və saxta elmlə məşğul olanlara inanırlar.

Bunun qarşısını almaq üçün insanlarımız çoxlu mütaliə etməli, elmlə, texnologiyanın yenilikləri ilə tanış olmalıdırlar. Başqa yol yoxdur. İnkişaf etmiş Avropa cəmiyyətlərinə baxanda görürük ki, orada məhz elm yüksək səviyydə olduğu üçün falçılar at oynada bilmirlər”.