Polis qollarını çırmaladı

Bakının küçələrində meydan sulayan əxlaqsız halların qarşısı alınacaq

Mahmud Hacıyev: "Əla xəbərdir. Tüfeyli həyat sürənlər, yüngül əxlaqlı qadınlar o ərazilərə toplaşırdı"

"Ünvanların dəqiq göstərilməsi ərazilər üzrə ciddi təhqiqat işlərinin aparıldığını təsdiq edir"

Paytaxtın mərkəzi küçələrində fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradılıb.

Paytaxtda ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı mübarizə gücləndirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a bildirib ki, bu məqsədlə bu gündən (dünəndən) başlayaraq Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunan tədbirlər planına müvafiq olaraq, polisin səlahiyyətləri çərçivəsində konkret vəzifələr müəyyənləşdirilib icraya yönəldilib.

Paytaxt sakinlərindən daxil olan müraciətlərin, müşahidə olunan sosial-neqativ halların təhlilləri göstərir ki, Bakıda fəaliyyət göstərən bəzi əyləncə-istirahət yerlərində, gecə klublarında, barlarda, otel və motellərdə, mərkəzi küçələrdə ictimai mənəviyyat əleyhinə, əxlaqa zidd hallar var. Əxlaqa zidd olan bütün halların forma və təzahürlərinə qarşı mübarizənin səmərəliliyini artırmaq üçün milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışların, ictimai əhəmiyyət kəsb edən digər neqativ halların qarşısının alınması üçün kompleks profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Əsasən Səbail rayonu ərazisində yerləşən “Fəvvarələr meydanı” və Nizami küçəsində, Nəsimi rayonu S.Vurğun və Nizami küçələrinin kəsişmələrində yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikasına dair tərkibi əməliyyat, təhqiqat, ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradılıb.

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.

Görülən işlər, həyata keçirilən tədbirlər barədə ictimaiyyətə mətbuat vasitəsilə mütəmadi məlumatlar veriləcək.

İctimai asayişin qorunması, əxlaqsızlığın, milli dəyərlərə zidd davranışların qarşısının alınması məqsədilə xüsusi “naryad” qruplarının yaradılmasını alqışlayan sabiq polis əməkdaşı Mahmud Hacıyev “Şərq”ə açıqlamasında bu xəbərdən xeyli məmnun olduğunu dedi:



- Bu, əladır, hətta əlanın əlasıdır. Mən bu addımı alqışlayıram, mənə çox xoş oldu bu xəbər. O sadalanan ərazilər, nöqtələr ki var, orada mövcud olan vəziyyəti onsuz da mən bilirdim. Tüfeyli həyat sürənlər, yüngül əxlaqlı qadınlar o ərazilərə toplaşırdı. İçki içirdilər, əylənirdilər, səhərə qədər səs-küy, qışqır-bağır. İnsanların rahatlığı pozulmuşdu. Artıq bu əxlaqa zidd davranışların qarşısı alınacaq. Bəyənilsin. Yeni rəhbərliyin iradəsi hiss olunur. Polislərin davranışlarında da bu, hiss olunmağa başlayıb. Alqışlayıram.

M.Hacıyev bildirdi ki, ünvanların dəqiq göstərilməsi ərazilər üzrə ciddi təhqiqat işlərinin aparıldığını təsdiq edir:

- Məlumatda infrastruktur, obyektlər, coğrafi şərait açıq göstərilib. Polis həmin ərazilərdə daxili təlimata uyğun fəaliyyət göstərəcək. Polisin fəaliyyəti 3 sahədən ibarətdir: əməliyyat, istintaq və xidmət sahəsi. Xidmət sahəsi də 2 yerə bölünür: bayır və daxili. Bayır sahəsi post-patrul xidməti, yol polisidir. Daxili sahə isə sahə müvəkkilləri, pasport qeydiyyatı və sairə. İctimai asayişin qorunması, əxlaqa zidd hərəkətlərin qarşısının alınması, vətəndaşların rahatlığının təmin edilməsi kimi tədbirlərdə xidmət sahəsindən istifadə olunur.

Bu tədbirləri xidmət sahəsi həyata keçirəcək. İlk öncə də ictimai asayişin bərpasından başlanacaq. Naryad qrupları çalışacaq ki, asayişi qorusunlar. Milli dəyərlərimizə zidd, əxlaqsız hərəkətlərin qarşısını alsınlar. Obyekt adlarının belə açıq göstərilməsinin özü böyük işdir. Əgər naryad qruplarına məlumat daxil olsa ki, hardasa narkotiklərdən istifadə, silahlı şəxslər, insan alveri halları var, əlbəttə, əməliyyat da həyata keçiriləcək. Polisin buna hüququ var.