"İran ABŞ-a lazımdır" - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: "İki ölkə arasında heç vaxt hərbi münaqişə olmayacaq"

İran şiələrin daha da çoxalmasını və güclü mövqeyə sahib olmasını istəyir. Bu da Qərbin əlinə oynamaq deməkdir
ABŞ-la İran arasında gərginlik səngimir. Demək olar ki, hər gün tərəflər bir-birini təhdid etməklə məşğuldur. İranın nüvə proqramı ilə bağlı əldə olunmuş razılaşmadan çıxacağını bildirməsi və ardınca Vaşinqtonun da bu proqramdan çıxması regionda hərbi-siyasi gərginliyi pik nöqtəyə çatdırıb. Xüsusən, Amerika hərbi donanmasının regionda aktivləşməsi və İranın ABŞ-a məxsus pilotsuz hərbi təyyarəni vurması bölgədə hərbi senarilərin reallaşması ehtimallarını gücləndirib. Nə ABŞ, nə də İran açıq hərbi əməliyyatlar səviyyəsində müharibə etmək niyyətində olmasalar da, iki ölkə arasında hibrid müharibəsinin fəal şəkildə davam etdiyini demək mümkündür. Artan gərginliyi və müharibə ehtimalını “Şərq”ə dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İranla bağlı bir sıra məqamlara aydınlıq gətirib. Partiya rəhbəri qəzetimizə müsahibəsində ABŞ-İran qarşıdurmasının nüvə silahı ilə bağlı olmadığını söyləyib. Tərəflər arasındakı problemin qaynaqlandığı zamana diqqət çəkən partiya sədrinin sözlərinə görə, sanksiyaların məqsədi tamamilə başqadır...
 - Sərdar bəy, Amerika-İran gərginliyinin meydana çıxması hansı dövrə təsadüf edir? 
 - İranda 1979-cu il islam inqilabı baş verəndən sonra Tehran həm Qərb ölkələri, həm də Rusiya ilə qarşıdurma vəziyyətində olub. Buna baxmayaraq, rəsmi Tehran dünya tərəfindən blokadaya alınmasına heç vaxt əhəmiyyət verməyib. Sovet imperiyası dağılandan sonra isə vəziyyət bir qədər dəyişib. İran tədricən Rusiya ilə yaxınlaşmağa başlayıb. Çünki artıq Rusiya kommunist ideologiyasından imtina edərək sivil cəmiyyətə çevrilmişdi. Bu baxımdan İranın Rusiyaya qarşı düşmənçiliyi dostluqla əvəz olundu. Amma ABŞ və Avropa dövlətləri ilə bağlı konfliktlər məlum səbəblərdən davam etdi.  
 - İrana qarşı sərt mövqenin və uzunmüddətli mübarizənin arxasında hansı real səbəblər dayanır? 
 - Dünyada qlobal siyasət və burada uğur qazanmaq cəhdləri mədəniyyətlərarası müstəvidə gedir. İran islam dünyasının super gücü olmağa iddialıdır. Bunun üçün həm şiəliyi islam dünyasına yayır, həm də yəhudilərə qarşı süni mübarizə aparır. Bununla faktiki olaraq müsəlmanların rəğbətini qazanmağa çalışır. Qərb isə islam dünyasını parçalamaq, müsəlmanları zəiflətmək və onlar arasında lider dövlətin yaradılmasına imkan verməmək üçün ciddi addımlar atır. Xristian dünyasının super gücü isə Amerikadır. Hətta Rusiya da xristian dünyasına daxil olduğuna görə bir növ Amerikanın liderliyini qəbul etmiş sayılır. Hələlik islam dünyasının super gücü yoxdur. Sadəcə iki dövlət bu ada iddialıdır. Bunlar Türkiyə və İrandır. İllər öncə İraq prezidenti Səddam Hüseyn bu ada iddia edirdi, lakin onu məhv etdilər. Daha sonra Suriya rəhbəri Bəşər Əsəd ortaya çıxdı, onu da zərərsizləşdirdilər. Suriyanın başına gətirilən oyunların ən böyük səbəbi budur. Özünü “Afrikanın kralı” elan edən Liviya prezidenti Müəmmar Qəddafi də bu iddianın qurbanı olub. Bir müddət Misir də buna cəhd edib. Adını çəkdiklərimin aqibəti hamıya məlumdur. 
 - ABŞ İranı da islam dünyasının “super gücü” kimi görmək istəmirsə, Ağ Evin “favorit” müsəlman ölkəsi hansıdır? 
 - Amerika süni surətdə Səudiyyə Ərəbistanı islam dünyasına “rəhbər” təyin etməyə çalışır. Bunun bir neçə səbəbi var. Səudiyyə Ərəbistanı coğrafi və mənəvi baxımdan islam dininin mərkəzi sayılır. Vaşinqton bu üstünlüyü öz xeyrinə istifadə etmək istəyir. Digər səbəb isə Səudiyyə Ərəbistanında mövcud olan enerji yataqları, zəngin neft-qaz ehtiyatlarıdır. Hamı bilir ki, Ərəbistan Amerikanın əlində oyuncaqdır. Türkiyə və İran isə müstəqil siyasət yürüdürlər. Yəni bu gün ABŞ-ın və Avropa ölkələrinin həm Türkiyəyə, həm də İrana qarşı mübarizələrinin arxasında bu iki dövlətin islam mədəniyyətinin mərkəzi statusunu qazanmasına mane olmaq durur. Qərb çalışır ki, Türkiyə və İranı iqtisadi cəhətdən zəiflətsin, hərbi cəhətdən özündən asılı etsin. Yəni hər iki ölkə ancaq daxili problemləri ilə məşğul olsunlar.  
 - Amerikanın əsas arqumenti İranın atom silahına sahib olmaq cəhdidir. Sizcə, Vaşinqtonun narahatlığını səmimi qəbul etmək olarmı?  - Əslində İrana qarşı münasibət atom bombası, nüvə silahının hazırlanması ilə bağlı deyil. Dünyanın 30-dan çox ölkəsində atom bombası var. İkinci Dünya müharibəsindən bu tərəfə yüzlərlə savaş olub, amma heç birində nüvə silahından istifadə edilməyib. İran atom silahı əldə etsə belə bununla İsraili vura bilməz. Çünki kiçik ərazisi olan İsrailin dörd yanı islam ölkəsidir. Nüvə silahı isə çox böyük ərazini dağıtmaq gücünə malikdir. Hamı yaxşı başa düşür ki, Amerikanın atom silahı ilə bağlı narahatlığı sadəcə bəhanədir. Məqsəd İranı islam dünyasına rəhbər olmaq iddiasından məhrum etməkdir. İndiyə kimi bir neçə müsəlman ölkəsi birlik çağırışı edərək müəyyən addımlar atmağa çalışıblar. Amma hamısı Qərb tərəfindən ortadan qaldırılıb. Səudiyyə Ərəbistanı isə parçalayıcı rol oynayır. Türkiyə və İran birləşdirici rol oynamağa cəhd etdiyinə görə, ABŞ bütün vasitələrlə mübarizə aparır. 
 - Tərəflər arasındakı gərginliyin hərbi müstəviyə keçmə ehtimalı nə qədərdir? 
 - ABŞ və İran arasında heç vaxt hərbi münaqişə olmayacaq. Bunun əsas səbəblərindən biri odur ki, İranın özü də istəmədən Amerikanın maraqlarına xidmət edir. Məlumdur ki, islam dünyası sünni-şiə məsələsinə görə parçalanıb. Şiələr 200 milyon sayla azlıq təşkil etsələr də, sünnilər 1 milyard 200 milyondan artıqdır. İslam dünyasının bir araya gələ bilməməsi, müsəlmanlar arasında təriqət ixtilafları məhz sünni-şiə qarşıdurması ilə bağlıdır. İran şiələrin daha da çoxalmasını və güclü mövqeyə sahib olmasını istəyir. Bu da Qərbin əlinə oynamaq deməkdir. Əgər İran vurularsa, onun rolunu oynayan başqa bir dövlətə ehtiyac yaranar. Tehran uzun illərdir bu rolu oynayır. Mən iranlılarla söhbət zamanı dəfələrlə demişəm ki, siz Amerika üçün lazımsınız. Əslində rəsmi Tehran ABŞ-a işləmir, amma İranın tutduğu mövqe Amerikanın, bütövlükdə Qərbin maraqlarına uyğundur. Buna görə də ABŞ və Avropa ölkələri heç vaxt İranı tamamilə sıradan çıxartmayacaq. İranla müharibənin başlaması üçüncü dünya savaşının başlanması deməkdir. 
 - Hazırda İran Qərbin qarşısında təklənmiş kimi görünür, sizcə, Tehranı müdafiə edən güclü dövlətlər yoxdurmu? 
 - İran siz düşündüyünüz kimi zəif ölkə deyil. İmam Xomeyni hakimiyyətə gələndən sonra Qərb ölkələri İranla İraqı qarşı-qarşıya gətirdi. Hətta ABŞ və Rusiya da İraqı dəstəklədi. Nəticədə bir milyon adam qırıldı. Amma o qədər dəstəkçisi olan İraq ordusu İrandan bir santimetr torpaq ala bilmədi. Yəni İran vuruşmağı bacarır, bu ölkənin kifayət qədər hərbi gücü var. Hətta şahlıq rejimi zamanı İran Amerikanın Fars körfəzindəki jandarmı rolunda çıxış edib. İran ötən zaman ərzində həm kosmik dövlətə çevrilib, həm də atom ölkəsi olmağı bacarıb. İranın özünəməxsus raketləri var. Həmçinin, ABŞ eyni vaxtda Rusiyanı, Çini, Türkiyəni hədəf götürdüyünə görə, bu dövlətlərin hamısı İranın dəstəkçisinə çevrilib. Qərbin savaş açdığı Rusiya və Çin kimi nəhəng dövlətlərin İranın arxasında olması ciddi məqamdır. Amerika uzun zamandır İranın neft resurslarının boru vasitəsi ilə Hindistana ixrac edilməsinin qarşısını alır. Əfqanıstandakı hadisələrin də səbəbi bu ölkə üzərindən İran neftinin daşınmasına mane olmaqdır. Yəni bölgədəki münaqişələrin əsas səbəbi Hindistanın və Çinin İranın iqtisadi imkanlarından istifadə etməsinin qarşısını almaqdır. Bununla ABŞ həm İran iqtisadiyyatını blokadaya alır, həm də Çini və Hindistanı yanacağa görə özündən asılı vəziyyətə salır. Dünyada çox nəhəng geopolitik oyun oynanılır. İkinci Dünya Müharibəsi sona yaxınlaşarkən Çörçilə sual vermişdilər ki, “sən müharibənin sonunu necə görmək istəyirsən?”. O da cavabında demişdi ki, “mən Hitleri qəbirdə, Stalini isə ölüm yatağında görmək istəyirəm”. Amerikanın İran siyasəti də məhz buna bənzərdir. Məqsəd İranı məhv etmək yox, xəstə hala salmaq və zəiflətməkdir. ABŞ İranın Yaxın Şərq hadisələrində iştirak etməsini həzm edə bilmir. Əlbəttə, İranın özünün də strateji maraqları var. Çalışacaq ki, gücü çatdığı qədər öz maraqlarını qorusun.