Elektron siqaretlər insan sağlamlığı üçün öldürücüdür - Həkim-qastroenteroloq


Köşklərin şüşəsinə “satış elektron siqaret var” elanına rast gəlmiş olarsınız

Son illərin bir dəbi də məhz onlardır – elektron siqaretlər. Guya ki, adi siqaretdən ziyansızdır, siqareti tərkitmək istəyənlərə kömək olur. Telekanallarda elektron siqaretlərin reklamı da gedir. Bəllidir ki, bir şey reklam olunursa, gərək ondan uzaq durasan. Reklam istehsalçı şirkətlərin mal və məhsullarını sırımaq üçün vasitədir. Elektron siqaret də həmçinin, satılmaq üçün reklam olunur. Və deməyəsən, onun adi siqaretdən heç bir fərqi yoxmuş, az ziyanlı da deyilmiş, əksinə, eyni dərəcədə ziyanlıymış.
 
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir. ÜST xəbərdarlıq edir ki, son vaxtlar gənclər arasında elektron siqaret aludəçilərinin sayı artıb və bu, çox ciddi təhlükə mənbəyidir. ABŞ-da 200 yaxın insan elektron siqaret çəkmək nəticəsində xəstələnib.
Xüsusilə gənclər arasında elektron siqaretdən istifadə etmək vərdişi çox sürətlə yayılır. Bəzən gənclər elə düşünürlər ki, elektron siqaretlər ənənəvi siqaretlərdən daha az zərərlidir. Bəziləri isə bunu siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edir. Əslində isə bu, heç də belə deyil. Tütün dumanlı siqaretlərdən də bahalı olan elektron siqaretlər ürək-damar və onkoloji xəstəliklər riskini artırır.

AZƏRTAC xəbərində qeyd olunur ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Lətafət Dadaşova bu barədə deyib: “Elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onların tərkibinə mütləq nikotin daxil edirlər. Elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb”.

Elektron siqaretlərdən gənclər arasında daha çox tütünçəkmənin əvvəlində istifadə edildiyini bildirən mərkəzin şöbə müdiri Tofiq Musayevin dediyinə görə, bu, bütün hallarda təhlükə mənbəyi sayılır və tütünçəkmənin dəstəklənməsinə xidmət edir: “Çox vaxt qapalı məkanlarda siqaret çəkməyə icazə verilmədiyindən gənclər elektron siqaretə meyil göstərirlər. Lakin nəzərə almaq lazımdır ki, çox vaxt elektron siqaretləri də, digər ənənəvi siqaretləri də eyni şirkətlər istehsal edirlər. Bu baxımdan, elektron siqaretlərin təhlükəsiz olması barədə deyilənlər sadəcə marketinq siyasətidir”.
Bir məqamı isə xatırlatmağa ehtiyac var: 2017-ci il dekabrın 1-dən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırıması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bütün növ qəlyanlar və elektron siqaretlər də həmin qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.

Həkim-qastroenteroloq Sevindik Arazov “Şərq”ə açıqlamasında bildirdi ki, siqaret çəkən insan xərçəng xəstəliyini özü yaradır:

- Siqaret dodaq, ağız boşluğu, qırtlaq, udlaq, nəfəs borusu, ağ ciyər, bronxlar, qida borusu, mədə... başqa digər oraqanlarda da xərçəng yaradır. Və burada əsas günahkar insanın özüdür. Təəssüf edirəm ki, bizim ölkədə də elektron siqaret çəkənlkərin sayı artmaqdadı. Deyilənlərlə tamamilə razıyam ki, elektron siqaret ziyanlıdır. Fərq etmir, elektron olsun, ya adi, “təbii” siqaret, siqaretin bütün növləri insanın həyatı, sağlamlığı üçün öldürücüdür. Elektron siqaret istehsalçıları onu elə formada hazırlayırlar ki, insan ondan əl çəkə bilmir. Siqaret asılılığından qurtulmaq istəyənlər elektron siqaret “sayəsində” təkrar siqaret aludəçisinə çevrilir. Marketlərdə, köşklərdə satılır, televiziyada reklam edilir... Biz nə qədər çalışsaq da, siqaret istehsalının, onun reklamının qarşısını ala bilmərik. Bu da narkoticarət kimi bir şeydir. Biz yalnız təbliğat işimizi gücləndirməliyik. Yeniyetmələrə, gənclərə başa salmalıyıq ki, siqaret bir bəladır. Narkotik kimi. İşbazlar öz mənfəətləri üçün ziyanlı olanı da tərifləyirlər, cəlbedici reklamlarla insanları aldadırlar. Paytaxtda neçə yerdə “çayxana+qəlyan” reklamı var. Guya ki, qəlyan ziyansızdır. Əksinə, qəlyan çox ziyanlı vasitədir. “Tütün məmulatları haqqında” qanun qəbul olunub, amma qəlyan reklamları şəhəri bəzəyir. Bu, yeniyetmələri, gəncləri zərərli vərdişlərə aludə etməkdir.