Qərar alqışlandı: Daha şagirdlər çantalarını rahat götürə biləcəklər



Dərsliklərin çəkisinin yüngülləşdirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən müəyyən işlər görülüb.

Təhsil Nazirliyindən bildirilib ki, ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan və bəzi məktəblərdə pilot layihə şəklində istifadəyə veriləcək "Azərbaycan dili" və "Riyaziyyat" dərslikləri, biri digərinin davamı olaraq 2 hissəli şəkildə tərtib edilib. Bu dərsliklən I hissəsi birinci yarımil üçün, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub.

Nazirlikdən bildirilib ki, əgər bu təcrübə özünü doğruldarsa, gələcəkdə digər iri həcmli dərsliklərin də 2 hissəli şəkildə tərtibi məsələsinə baxıla bilər.

Nazirliyinin gördüyü tədbirlə bağlı “Sherg.az”a danışan təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bildirib ki, dərslik və məktəbli çantalarının ağırlığı barədə ictimai rəy çox kəskindir. 

Ekspertin sözlərinə görə, valideynlər çantaların ağır olmasından şikayət edirdilər:



“Həmçinin bəzi təhsil ekspertləri deyirdi ki, ağır yük götürmək uşağın inkişafına mənfi təsir edir. Təbii ki, Təhsil Naziliyi bu tələblərdən çıxış edərək belə qərara gəlib. Düşünürəm ki, nazirlik burada heç nə itirmir. Doğurdan da dərsliklər iki hissəyə bölünsə, şagirdin yükü azalacaq. Hesab edirəm ki, verilən qərar düzgündür. Lakin bir müqayisə aparmaq istəyirəm. Ola bilsin ki, bu günün uşağı ilə o zamanın uşağı eyni deyil. Əvvəllər uşaqlar nəinki dərsliklərini çantada daşıyırdılar, hətta iki-üç kilometr məsafədə yol gedirdilər. Amma heç bir hadisə baş vermirdi, hamısı da sağlam uşaqlar idi. Ola bilər ki, zamandan da çox şey asılıdır. Uşaqlarını məktəbə aparan valideynləri görürəm ki, onların heç biri uşaqlarına çanta vermir. Valideynlərin hamısı çantaları özləri götürür, uşaq da qabaqda gedir. Ümumiyyətlə, bu düzgün deyil. Gərək məktəbli çantasını uşağın özü götürsün. Bu zaman uşaq əməyə öyrəşəcək. Özümüz uşaqları kiçik yaşlarından fiziki əməkdən yayındırırıq, sonra da deyirik ki, pul qazanmaq lazımdır. Pul qazanmaq lazım olanda da, uşaq ağır əməyi qoyub gedib asan əməkdən yapışır. Ya korrupsiyanın qurbanı olur, ya da başqa yollarla pul qazanır. Hər halda valideynlər və ictimaiyyət məktəbli çantalarının və dərsliklərin yüngüllüyünü tələb edirlər. Ona görə də Təhsil Nazirliyinin bu addımını təqdir edirəm”.