"Əli Kərimli anti-Azərbaycan qüvvələrin maliyyəsi ilə fəaliyyət göstərir" - Baş redaktor



Son günlər AXCP sədri Əli Kərimli illər öncə baş verib hüquqi həllini tapmış məsələləri yenidən gündəmə gətirərək cəmiyyətdə çaşqınlıq yaratmaq istəyir. Ə. Kərimlinin bu cür davranış sərgiləməsində əsas məqsəd hakimiyyətlə xalq arasında bir uçurum yaratmaqdır
Buna baxmayaraq o istəyinə nail olmayıb, olmayacaq da. Ə.Kərimli sanki bir partiya sədri kimi yox, məhz blogger olaraq fəaliyyət göstərib ara qarışdırır və özünü daha da gülünc duruma salır.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az” açıqlamasında qeyd edib ki, Əli Kərimli tarixi saxtalaşdırmaqla özünü gündəmdə saxlayır. 
Baş redaktor hesab edir ki, AXCP sədri dediyi fikirlər və saxtakarlıqlarla özünü çoxdan ifşa edib:
“Ümumiyyətlə, onların bir illik hakimiyyəti dövrü Azərbaycan vətəndaşlarının əksəriyyətinin yaddaşındadır. Tariximizin ən qara ləkəsi də məhz onların bir illik hakimiyyət dövrü idi. Onlar təkcə sərhədlərimizin işğalına deyil, ümumiyyətlə Azərbaycanın işğalına şərait yaratmışdılar. Onların milli qəhərman adı verdiyi Sürət Hüseynov Gəncəbasardan qiyam qaldırmışdı, həmçinin silahdaşları olmuş Əlikram Hümbətov cənub zonasında Azərbaycanı parçalamışdı. Yəni, bu insanlar şəxsi maraqlarını hər şeydən üstün tutaraq ölkəmizin, vətəndaşlarımızın maraqlarını heç vaxt müdafiə etməyiblər”. 
V.Rəhimzadə bildirib ki, Əli Kərimli siyasi partiya rəhbəri kimi cəmiyyətdə çoxdan silinib:
“O, demək olar ki, bloggerdi. Onun cəmiyyətimizdə heç bir nüfuzu qalmayıb. Yalanlar danışmaqla, riyakarlıq və saxtakarlıq etməklə o özünü yenidən ifşa edir.
Bir zamanlar Əbülfəz Elçibəy də prezident olduğu dövrdə qeyd edirdi ki, “Elə yığın, elə dağıdın ki, biz kommunistlərin atasına rəhmət oxumayaq”. Həqiqətən o zamanlar vəziyyət elə ciddi xarakter almışdı ki, artıq Azərbaycanda rüşvətxorluq tüğyan edirdi, adi hal idi və siyasi, silahlı qruplaşmalar Azərbaycana diz çökdürmüşdü. Həmçinin vətəndaşlarımızın sabaha olan ümidi itmişdi. Ümumiyyətlə, ölkəmizdə ordunun mövcudluğundan söhbət gedə bilməzdi. Azərbaycanda ordu fərdlərə və siyasi qruplara xidmət göstərirdi. Həmin qruplar da ordunu cəbhə bölgəsindən mərkəzə çəkirdilər və siyasi intriqilara qoşurdular. Beləliklə, Azərbaycanın 20 faiz torpaqlarını işğala məruz qoyan məhz Əli Kərimli başda olmaqla onun hakimiyyəti idi”.
Baş redaktorun qənaətincə, bu gün Əli Kərimli çıxışlar edərək insanları çaşdırmağa çalışsa da, bu mümkün olmayacaq:
“Çünki 3-5 nəfərə yalan deyə bilərsən. Amma cəmiyyətimiz həmin illəri yaxşı xatırlayır. İnsanlarımızı çörəklə, aclıqla sınağa çəkirdilər. Quldurluq, cinayətkarlıq baş alıb gedirdi, iqtisadiyyatımız tamamilə çökmüşdü. Ümumiyyətlə, həmin illər əhalinin çörək növbəsinə durdğu halda hansı iqtisadiyyatdan danışmaq olar? Əli Kərimli nə qədər ki, maxinatorluq edəcək, insanları aldatmağa çalışacaq, bu zaman özünü daha da dərindən ifşa edəcək və yarıtmaz fəaliyyətlərini topluma çatdıracaq. Düşünürəm ki, Əli Kərimli yalnız anti-Azərbaycan qüvvələrinin maliyyəsi ilə fəaliyyət göstərir. İnternet televiziyası adı altında yalanlarını və cinayətkar əməllərini ictimaliləşdirməyə çalışır. Bu, qətiyyən yolverilməzdir. İnsanlar çox yaxşı bilirlər ki, kim kimdir”.