“Həmsədr ölkələr təzyiq göstərsəydilər, Paşinyan geri addım atardı” 

“Paşinyanın aqressivləşməsi və absurd bəyanatlar səsləndirməsi onun arxasında duran qüvvələrlə bağlıdır”. 

Bunu “Sherg.az”a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. 

QAT sədri bildirib ki, bəzi böyük dövlətlər planlarını qurublar və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində işğalçı ölkəyə dəstək verirlər: 

“Çalışırlar ki, Ermənistanın əliylə bu planı həyata keçirsinlər. Əks halda Ermənistanın baş naziri, yaxud başqa hansısa rəsmisi heç vaxt Azərbaycana “meydan oxuya” bilməz. Rəsmi Bakı düşmənin və onların himayədarlarının bütün planlarını pozmalıdır. Həmsədr ölkənin heç birindən Ermənistan rəhbərliyinin təhlükəli addımlarına reaksiya gəlmir. Rusiya XİN sözçüsü Mariya Zaxarova elə bir bəyanat verdi ki, verməsə ondan yaxşı idi. Zaxarova tərəfləri bu cür fikirlər söyləməkdən çəkinməyə dəvət etdi.

Hamıya məlumdur ki, sərsəm bəyanatlar səsləndirən tərəf məhz Ermənistandır, Paşinyan hökumətidir. Əslində belə yanaşmalar Paşinyanı daha da şirnikləndirir. Əgər həmsədr ölkələr sərt şəkildə İrəvan hökumətini qınasaydılar, təzyiq göstərsəydilər, Paşinyan geri addım atardı.. Axı bundan artıq düşmən ölkə işğalçı olduğunu sübuta yetirmək üçün nə etməlidir?! Vasitəçilər anlamalıdır ki, bu problemin danışıqlar yolu ilə həlli yoxdur”.



A.Nağı hesab edir ki, məqsəd vaxtı mümkün qədər uzadaraq, Dağlıq Qarabağ məsələsini ermənilərin xeyrinə həll etməkdir: 

“Düşmən ölkə məhz bu məqsədlə Qarabağa yol çəkir, ev tikir, infrastruk qurur. Baş nazir və prezidentin qondarma rejimin “müstəqilliyini” təbrik etməsindən sonra bir qrup ABŞ konqresmeni Dağlıq Qarabağdakı separatçı rejimi “demokratiya və azadlıq nümunəsi” adlandırıb. Əlbəttə, bu prosesdə Vaşinqtonun, Moskvanın imkanlarından da istifadə olunmalıdır. Amma ilk növbədə öz gücümüzə arxayın olmalıyıq və real müttəfiqlər tapmalıyıq. Fikir verirsinizsə, düşmən ölkə yaxın tərəfdaşlarımızla aramızı vurmağa çalışır.

Məsələn, Türkiyə, Pakistan və digər ölkələrlə yaxın münasibətimiz erməniləri ciddi narahat etməkdədir. Ona görə də mümkün qədər diqqətli hərəkət etməliyik”.