“Allahı eşitməyən cəmiyyət qanunu eşidəcək ? !” – Deputat

 Fazil Mustafa: “Azərbaycanı məktəblərində mobil telefonlar qadağan olunsa, valideyn gedib müəllimə və direktora pul verib deyəcək ki, “uşağıma mobil telefon işlətməyə icazə ver”

“Axı biz nəsihətlə deyil, müsibətlə dəyişən cəmiyyətik”



Rusiya Təhsil Nazirliyi “Rospotrebnadzor” və Təhsil Akademiyası məktəblərinə mobil telefonlardan istifadənin məhdudlaşdırılması ilə bağlı tövsiyə məktubu hazırlayıb. Tövsiyə məktubu ictimai rəy sorğusu əsasında hazırlanıb və artıq məktəblərə göndərilib.

Səlahiyyətli şəxslər məktəblərdə mobil cihazların yalnız şagirdlər üçün deyil, eyni zamanda müəllimlər və valideynlər üçün məhdudlaşdırılmağını tövsiyə edib. İlk olaraq məktəbə gələn zaman mobil cihazlarının səssiz rejimə keçirilməsi təklif olunub. Tədris prosesində isə mobil cihazların istifadəsinin məhdudlaşdırılmağının tövsiyə edildiyi bildirilib.

Bəs Azərbaycanda necə, orta məktəblərdə mobil telefonlar qadağan oluna bilərmi?

Ölkəmizdəki məktəblərdə mobil telefonların qadağan edilməsinin mümkün olmadığını deyən millət vəkili Fazil Mustafa “Sherg.az”a deyib ki, cəmiyyətimiz ziyanlı olan hər məqamdan daha bərk yapışır:

“Rusiya mühiti belədir ki, nəyinsə uşaqlar və xalq üçün ziyanlı olduğunu görəndə dərhal onu ortadan qaldırmaq üçün çalışırlar. Avropa ölkələrində də belədir. Azərbaycanı məktəblərində mobil telefonlar qadağan olunsa, valideyn gedib müəllimə və direktora pul verib deyəcək ki, “uşağıma mobil telefon işlətməyə icazə ver”. Burada da yeni qayda formalaşacaq.

Tütün məhsulları ilə bağlı qanun qəbul etdik. Bəs nə oldu? Bütün köşklərdə siqaretləri düzüb satırlar. Buna nəzarət edən yoxdur. Söhbət ondan gedir ki, biz doğrudan da xeyrimizə olanı dəyişməyə maraqlı cəmiyyət deyilik. Bu qədər qida zəhərlənmələri olur, son illər onkoloji xəstəliklərin sayı 3-4 dəfə artıb. Səbəb isə ölkəyə xarab qidaların gəlməsidir. Amma insanlar həmin xarab qida məhsullarından imtina edirlərmi? Söhbət puldan getmir.

Qara və zəhərli çaya verdiyin pulu kəklikotu, nanə və başqa ot məhsullarına verərək daha sağlam qalmaq olar. Bunu edirikmi? Təbii ki, yox. Yaxud da mağazadan 6-7 ayla qalmış məhsulu alırıq və bilirik ki, bunlar xəstəlik mənbəyidir. Demək istədiyim odur ki, Allah bizim cəmiyyətə öz dinini verəndə sağlam din verdi. Amma onu dəyişdirib öz istədiyimiz kimi çevirdik. İndi də ən cahil, ən xurabat xalqıq. Allahı eşitməyən cəmiyyət qanunu eşidəcək?! Ona görə də telefonların qadağası da təqribən bunu kimi bir şey olacaq. Hamı bilir ki, bu ziyandır və insanlara problem yaradır, uşaqların əlindən heç kim ala bilmir. Ziyanlı nə varsa onu da edirlər.

Görürük ki, qocalarımızın hamısı 70-80 yaşdan sonra parklarda domino oynayırlar və ictimai mühitə heç bir qatqıları yoxdur. Cavanların da böyük əksəriyyəti prikollar, bayağı həyat, narkomaniya, siqaret və qəlyanxanalarda günlərini keçirirlər. Nə qədər desək ki, Avropada qəlyanxanaları ləğv ediblər, amma xeyri yoxdur. Azərbaycanlı uşağa necə başa salasan ki, bu ağciyər üçün böyük xəstəlik mənbəyidir”. 

Deputat bildirib ki, cəmiyyətimizdəki insanların böyük əksəriyyəti bayağı bir şey olan kimi ora qaçır:

“Onların yolunu kitabxanaya döndərə bilməyəcəyik. Ona görə də telefonların qadağası sadə məsələ deyil. Lap orta məktəblərdə şagirdlərin telefondan istifadəsinin yığışdırılması üçün qanun qəbul edilsin. Tam əminliklə deyirəm ki, müəllimlər bir tərəfə valideynlər qoymayacaq ki, uşaqlar məktəbə telefonsuz getsinlər. Hamı məktəbin sinif rəhbərinə və direktorun yanına gedib cibinə 20-30 manat pul qoyacaq ki, “övladımda telefon olsun, başqasının uşağından fərqlənsin”.

Məsələnin mahiyyəti budur. Ona görə də belə hallarə gündəmdə saxlamasaq yaxşıdır. Axı biz nəsihətlə deyil, müsibətlə dəyişən cəmiyyətik. Hətta bəzən müsibətin də xeyri olmur. Qarabağ savaşından sonra bizə müsibət baş verdi. Bəs nə dəyişdi ?”