“Bu “seçkilər”ə etiraz etməkdən başqa yolumuz yoxdur” – Millət vəkili 

Sentyabrın 8-də Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli özünüidarəetmə" seçkiləri keçiriləcək.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Əlbəttə, ölkəmiz öz ərazilərində təşkil olunan qondarma seçkilərə səssiz qala bilməzdi. Və Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) buna dərhal reaksiya verib.  XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilər” donu ilə təqdim edilən növbəti şou nəticəsiz qalacaq.

Onun sözlərinə görə, hər kəsə çox yaxşı bəlli olan bir reallıq var: hərbi təcavüz, işğal, etnik təmizləmə, qanunsuz əməllər halında hansı “seçki”dən danışırsansa danış, nə bu hazırlanan tamaşa, nə də onun nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və tanınmayacaq:

“Ölkəmizin işğal olunmuş torpaqlarında işğalçı ölkə Ermənistan tərəfindən yaradılmış oyuncaq rejimlə də bağlı bu eynilə belədir. Xatırladıram, bu günə kimi keçirilmiş dırnaqarası seçkilərlə bağlı beynəlxalq ictimaiyyət, o cümlədən həmsədr ölkələri, bu qanunsuz əməlləri və onların nəticələrini tanımadıqlarını birmənalı şəkildə qeyd ediblər”.

Buna baxmayaraq düşmən işğal edilmiş torpaqlarımızda müxtəlif tədbirlər və idman yarışlarını təşkil edirlər. Maraqlıdır, belə olan halda Azərbaycan tərəfi nə etməlidir?

Sualımızı cavablandıran millət vəkili Rasim Musabəyov “Sherg.az”a bildirdi ki, ölkəmizin atacağı addım bu məsələ ilə bağlı etirazlarını bildirməkdir:

“Məlumdur ki, ermənilər torpaqlarımızı işğal ediblər. Nəzərdə tutulan qondarma seçkilərin heç bir hüquqi əhəmiyyəti yoxdur. Hər bir halda işğal edilən bölgələrimizə nəzarət bizdə deyil. Ona görə də bu “seçkilər”ə etiraz etməkdən başqa yolumuz yoxdur”.