Dövlət uşaq bağçalarında xəstəlik halları daha çox qeydə alınır


Çünki özəl bağçalara nisbətən burada tibbi personal demək olar ki, yoxdur


Ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında qeydə alınan xəstələnmə hallarının çoxu qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası ilə bağlı olub.
Verilən məlumata görə, 2018-ci il ərzində məktəbəqədər təhsil müəssisələrində uşaqların xəstələnmə hallarının sayı 32 891 olub. Onların 31505-i dövlət, 1386-sı qeyri-dövlət müəssisələrinin payına düşüb.
Müəssisələrdəki xəstələnmə hallarının 26 034-ü 3 və yuxarı yaşda olan uşaqlar arasında qeydə alınıb.
Ümumilikdə ötən il ərzində məktəbəqədər təhsil müəssisələrində qeydə alınmış xəstələnmə hallarının 16 933-ü qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası, 8008-i angina (kəskin tonzillit), 160-ı bədbəxt hadisə, zəhərlənmə və zədələr, 248-i sətəlcəm, 467-si bakterial dizenteriya, 149-u skarlatina, 6926-sı digərləri olub.

Belə çıxır ki, dövlət uşaq müəssisələrində xəstələnmə halları daha çox qeydə alınıb. Bunun səbəbi nədir?

Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında uşaqlar arasında yuxarı tənəffüs yollarının infeksiyon xəstəliklərinin daha çox olmasını təbii hal adlandırdı: 

- Mən burda təşviş doğuracaq rəqəm görmürəm. Uşaqlar yuxarı tənəffüs yolları xəstəlikləri törədicilərinə çox meyillidirlər. Çünki uşaqlarda orqanizmin müqavimət qabiliyyəti aşağıdır, orqanizm hələ tam formalaşmayıb. Hətta sizə deyim ki, azyaşlılar arasında yuxarı tənəffüs yolları xəstəliklərindən ölüm halları daha çox olur, nəinki başqa xəstəliklər. Başqa bir səbəb yuxarı tənəffüs orqanlarının anotomik quruluşu ilə bağlıdır. Bu da geniş mövzudur. Yəni bu rəqəmlər bütün dünyada oxşardır. Uşaqlar ən çox məhz yuxarı tənəffüs yolları xəstəliklərinə yoluxur. Adı çəkilən angina, skarlatina da boğaz-udlaq, badamcıqlar... iltihabıdı. Skarlatina daha ağır fəsadlar yaradan xəstəlikdir. Bu xəstəliyi steptokok infeksiyası törədir. Səpkili infeksiyadır. Valideynlər səpkiləri məxmərək, qızılca ilə çox vaxt səhv salırlar. Bunu həkim müəyyənləşdirməlidir. Ona uyğun da müalicə tətbiq edilməlidir. Çünki skarlatina ürəyi zədələyə bilir, buradan da ürək xəstəliyi olan miokardit yaranır. Valideynlər səpkilərə etinasız yanaşmamalıdır. 

V.Qarayev dövlət uşaq bağçalarında xəstəlik hallarının daha çox qeydə alınmasının bir çox səbəbləri olduğunu dedi: 

- Bütün payız-qış mövsümü boyunca deyirik ki, xəstə uşaqları bağçaya aparmayın, ev şəraitində müalicə olunsunlar. Bu təkcə, uşaqlara aid deyil, böyüklərə də aiddir. Baxırsan, öskürür, tənəffüsalma yolları tutulub, gözü qızarıb – aşkar yuxarı tənəffüs yollarının infeksion xəstəliyidi, amma işə gəlib-gedir, ictimai nəqliyyatdan istifadə edir və başqalarını da yoluxdurur. Uşaqlar da belədir. Xəstə uşaq həkim müayinəsindən keçirilib ev şəraitində lazımi müalicə almırsa, birinci növbədə sağlamlığına ziyandır, xəstəlik tam sağalmadığı üçün fəsadları qalır və az sonra yenidən baş qaldırır. İkincisi də, xəstə uşaq bağçada digər uşaqları da yoluxdurur.

Bildiyim qədər özəl uşaq bağçalarında valideynlə müqavilə bağlanan zaman bu hal da qeyd olunur ki, uşaq xəstələnsə bağçaya gətirilməyəcək. Amma bu məsələ də mənim üçün maraqlıdır ki, uşağın bağçaya getmədiyi günlərin pulunu niyə alırlar? Dövlət bağçalarına nisbətən özəllərdə uşaqlara nəzarət güclüdür. Üstəlik, özəl bağçalarda tibbi personal ştatı var. Yaxşı da maaş verirlər. Dövlət uşaq bağçalarında, bunu deməliyəm, əmək haqqı qəpik-quruşdu, tibbi personal da olmadığından nəzarət lazımi həyata keçirilmir. Özəllərdə şərait daha yaxşıdır. İstər özəl olsun, istər dövlət uşaq müəssisəsi sanitar-gigiyenik normalara ciddi əməl edilməlidir.

Hər gün otaqlar dezinfeksiya edilməli, yataq otağı tez-tez havalandırılmalıdır. Uşaqların qida qəbul etməzdən öncə əllərinin yuyulması xüsusilə vacibdir. Bakterial infeksiyaların önünün kəsilməsi bu şərtlərə bağlıdır.