“Mən yola çıxanda hamı yol verməlidir” deyib hərəkət edəcəklərsə... ! ” – Qəzalar ara vermir


Ötənlərdə Nobel prospektində dəhşətli qəza baş verib. Məlumata görə idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. 

Hadisə şahidlərinin bildirdiyinə görə, qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Minik avtomobili sürücüsünün sənədlərinin olmadığı bildirilir.

Qəza zamanı 2 nəfər qadın ağır yaralanıb. Qadınlardan birinin ayağı travmatik amputasiya olunub.
 
Baş verən hadisə növbəti sürücü məsuliyyətsizliyinin nümunəsidir. Təəssüf ki, əksər sürücülər öz canları bir yana digər insanların həyatı üçün təhlükə törədəcəklərinin fərqinə varmırlar. Avtomobili sərxoş və yüksək sürətlə, sənədsiz şəkildə idarə edən nə qədər sürücü var. 



Hadisə ilə bağlı “Sherg.az”a danışan “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, “Yol hərəkəti haqqında” qanunun tələbinə görə, avtobus dayanacaqdan çıxırsa, digər nəqliyyat vasitələri ona yol verməlidir. 

Ekspert təəsüf hissi ilə qeyd edib ki, bəzən sürücülərin məsuliyyətsizliyi bədbəxt sonluqlarla nəticələnir:

“Hərdən elə situasiya yaranır ki, sıxlıq olan zamanda minik maşını ilə avtobus yan-yana dayanır və avtobus yola çıxmaq istəyir. Hər halda minik avtomobili hərəkəti davam etdirib keçməlidir ki, sonra avtobus yola çıxsın.

Yəni, vəziyyətlərdən asılı olaraq sürücülər dayanacaqlardan çıxan avtobuslara yol verməlidirlər. Bizim bəzi sürücülər isə avtobus sürücülərinin hansı xarakterdə olduğunun fərqinə varmadan gözü yumlu yola çıxır və bədbəxt hadisə baş verir. Hər bir halda avtobus sürücüləri də diqqətli olmalıdırlar.

“Mən yola çıxanda hamı yol verməlidir” deyib hərəkət edəcəklərsə, hər zaman xoşagəlməz hallar baş verəcək. Burada nə qədər insan həyatından söhbət gedir. Ümumiyyətlə, bütün yol hərəkəti iştirakçıları diqqətli olmalıdır. Xüsusilə də avtobus sürücüləri hərəkətə başlayan zaman yaxınlıqda nəqliyyat vasitəsinin olub-olmadığına nəzarət etməlidirlər”.