Cəhalət uşaqların da beynini "yeyir" - Aşura adı altında keçirilən bu kimi rituallar...

İmam Hüseynə sevgini özünü döyməklə, mərsiyə oxumaqla göstərmək kökündən yanlışdır



Tiflisdəki Meydan məhəlləsində yerləşən Cümə Məscidində və Marneulidəki İmam Hüseyn Məscidində çəkilmiş fotolar sosial şəbəkələrdə paylaşılıb və geniş rezonans doğurub. Sosial şəbəkə istifadəçisi Həmid Ormanlı paylaşdığı fotolara belə rəy yazıb:"Qaralar ağı yedi, hardadır ağ sahibi?
(Akif Səməd)
İran adlanan fars-molla rejiminin və cümlə türkə düşmən mənfur qüvvələrin Borçalıya yönəlik siyasəti ortada olduğu və sağalmaz fəsadlar verdiyi halda bəs hanı bizim Borçalıda yaşayan soydaşlarımıza yönəlik milli konsepsiyamız?”. 
Paylaşılan fotolara yazılan rəylərdə uşaqların məhərrəmlik təziyələrində, Aşura məclislərinə cəlb olunması tənqid edilir. Belə hallara qarşı mübarizə aparmağın vacibliyi vurğulanır. 

“Şərq”ə danışan ilahiyyatçı Əkrəm Həsənov da uşaqların dini mərasimlərə cəlb edilməsinin məhz dini baxımdan düzgün olmadığını dedi:

- Aşura mərasimlərinə daha çox İranda və Azərbaycanın bəzi bölgələrində riayət olunur. Şəriət qaydalarında belə bir göstəriş olmadığı halda Aşura ritualları, matəm mərasimləri bizdə çox ciddiyə alınır. Xüsusən də uşaqların Aşuraya aparılması yolverilməzdir. Sözdə bu insanlar İmam Hüseynə sevgilərini göstərirlər. Halbuki İmam Hüseyn məktəbini oxusalar, Aşura rituallarının heç bir mənası olmadığını dərk edərdilər. Şüurlu insan Cənnət gənclərinin ağası hesab edilən və yerinin Cənnət olduğunu bildiyi bir Peyğəmbər övladı üçün hansı səbəbdən əsrlərlə yas saxlamalıdır. Bu, cəhalətdən başqa bir şey deyil. Bəli, biz onu böyük tarixi şəxsiyyət kimi qoruyub saxlamalıyıq, adını uca tutmalıyıq, onun və babası Peyğəmbərin yolu ilə getməliyik. Amma ona yas saxlamaq, ona görə mərsiyə demək, başını yarmaq, övladına zərər yetirmək cəhalətdən başqa bir şey deyil və ağılsızlıqdır. Bu baxımdan dini mərasimlərə uşaqların cəlb edilməsinə qarşı aparılan mübarizə tədbirlərini düzgün hesab edirəm. Aşurada zəncir vurmaq, azyaşlıları da bu cür əməllərə cəlb etmək dinimizə ziddir. Həmin mərasimlərdə iştirak edən uşaqlar baş verənləri dərk etmir. Bu halda uşaqların ora aparılması hansı məntiqə sığır?
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər dəfə Aşura günü ilə bağlı zəruri tövsiyələr verir, bildirirlər ki, Aşura günü islam dininə zidd əməllər həyata keçirmək qəbuledilməzdir. İctimaiyyət nümayəndələri və ilahiyyatçılar da məsləhət görürlər ki, Aşura günü qan çıxarmaq istəyənlər qanvermə aksiyasında iştirak etsinlər. Ümumiyyətlə, daha yaxşı olar ki, qocalar və uşaqlar evləri ziyarət edilsin, daha fərqli savab işlər görülsün. Ələlxüsus da, azyaşlı uşaqları bu cür mərasimlərə cəlb etməsinlər.

Ə.Həsənov da bildirdi ki, bəzi ölkələrdə və regionumuzda təbliğ olunan Aşura mərasimi və məclislərinin dinə, şəriətə heç bir dəxli yoxdur. Ekspertin sözlərinə görə, Aşura adı altında keçirilən bu kimi rituallar fars rejiminin əsrlərdir yeritdiyi siyasətin təzahürüdür:

"Heç bir səhih dini mətndə Aşurada baş yarmaq, sinə döymək, qan çıxarmaq, uşaqların başını yarmaq kimi göstərişlər və şəriətə zidd əməllər göstərilmir, təbliğ olunmur. Əksinə, dinimiz belə şeyləri qadağan edir. Xüsusən, “Qurani-Kərim”də haram aylarda özünə zülm etmək, müharibə etmək qadağandır. Haram ayların içində Məhərrəm də var. Məhərrəm ayında günahlardan çəkinmək, savab işlər görmək, insanlara yaxşılıq etmək, oruc tutmaq, subayları evləndirmək və s. işlər görmək daha məqsədəuyğundur. Hamı bilir ki, Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseyn bu ayda şəhid edilib. İmam Hüseynə sevgini özünü döyməklə, mərsiyə oxumaqla göstərmək kökündən yanlışdır. 
İlahiyyatçı bəyan edir ki, Aşura günündə sadəcə İmam Hüseynin qətli nəzərdə tutulmamalıdır. Ondan əvvəl Aşura günündə Adəm peyğəmbərin günahları bağışlanılıb, Musa peyğəmbər Fironun zülmündən xilas olub: "Yəni islam tarixində Aşura günü böyük sevindirici hadisələr baş verib. Bu baxımdan kütləvi informasiya vasitələri elmi, nəzəri, praktiki şəkildə islamın əsl mahiyyətini cəmiyyətə göstərməyə çalışmalıdırlar. Kifayət qədər savadlı ilahiyyatçılar efirlərə dəvət olunub həqiqətləri deməlidirlər. Xurafatdan çıxmaq lazımdır. İnsanları aydınlığa qovuşdurmağın zamanı çoxdan çatıb. Ölkəmizdə islam dinini doğru-düzgün təbliğə başlamaq lazımdır.