İmamoğlu kürd toplumun dəstəyini qazanmağa çalışır


Amma Türkiyə toplumunda terrora dəstək verən heç kim uğur qazanmayıb və qazana da bilməz

Türkyənin Daxili işlər naziri Süleyman Soylu İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun yerinə qəyyum təyin ediləcəyi ilə bağlı söz-söhbətlərə son qoyub. Soylu Ankara və İstanbulun seçilmiş bələdiyyə sədrləri ilə bağlı sualı belə cavablandırıb: “İstanbul əhalisi iyunda bir qərar verdi və bu, demokratik qərar idi. Bələdiyyə sədri Türkiyəni idarə etmək üçün seçilmir.

Bələdiyyə öz işini görməlidir. Hədəfləriniz ola bilər. Bunlar gözəl şeylərdir. Yəni bunu arzu edə bilərsiniz, amma əvvəl öz işinizi görməlisiniz. İstanbul və Ankara bələdiyyə sədrlərinin yerinə qəyyum məsələsi müzakirə mövzusu deyil. Terrorla əlaqəniz varsa, dövlət boş durmaz”. Xatırladaq ki, Türkiyədə kürdlər yaşayan üç şəhərin bələdiyyə başçısı PKK-ya dəstək suçu ilə vəzifədən uzaqlaşdırılıb və bələdiyyələrə qəyyum təyin olunub. Bu səbəbdən onlara dəstək verən İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun da cinayət məsuliyyətinə cəlb olunacağı iddia olunmaqdadır. 

Türkiyədə gedən daxili prosesləri “Şərq”ə təhlil edən politoloq Natiq Miri deyib ki, daxili işlər naziri Süleyman Soylunun kürdlərin yaşadığı Diyarbəkir və digər iki rayonun bələdiyyəsinə qəyyum təyin etməsi hüquqi və siyasi baxımdan doğru addımdır. Ekspertin sözlərinə görə, məhz o səbəbdən AKP hakimiyyətinə müxalif olan siyasi qruplaşma, eyni zamanda onları dəstəkləyən Qərb mənşəli siyasi strukturlar məsələyə birmənalı sərt reaksiya verdilər:

“Lakin atılan addım hüquqi cəhətdən tənqid edilə bilməz. Təkcə Türkiyədə deyil, bütün Avropa ölkələrində terrorçulara qarşı bu cür addımlar atılır. Hətta bununla bağlı müəyyən hüquqi prosedurlar həyata keçiriləndən və dəlillər toplanandan sonra siyasi təşkilatların birmənalı olaraq qapadılması taktikası da mövcuddur. İstənilən Avropa ölkəsində terrora dəstək verdiyi sübut olunan siyasi partiya təmsilçiləri dərhal cəzalandırılır”. 

Siyasi şərhçinin sözlərinə görə, İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu Qərb tərəfindən dəstəklənən və 2023-cü il prezident seçkisində prezident Ərdoğana qarşı göstərilən siyasi fiqurdur:

“İmamoğlunun atdığı addımları məhz bu yöndə dəyərləndirmək lazımdır. İmamoğlu kürd toplumun dəstəyini qazanmağa çalışır. Nəzərə alaq ki, Türkiyə toplumunda terrora dəstək verən heç kim uğur qazanmayıb və qazana da bilməz.

Ona görə də İmamoğlunun kürdlərlə bağlı davranışları milli maraqlara zidd qəbul olunur. İmamoğlu ciddi siyasi fəaliyyəti olmadan ortalığa atılmış siyasi fiqurdur. İmamoğlu deyiləndə sadəcə CHP-nin dəstəklədiyi sıradan bir siyasətçi kimi dəyərləndirməyin.

Onun bütün addımları 2023-cü il prezident seçkisinə hesablanıb. O ki qaldı bələdiyyə başqanlığından alınmasına, fikrimcə, bunun reallaşması qeyri-mümkündür. Sözügedən üç rayonun bələdiyyəsinə qəyyum təyinatı həmin şəxslərin birbaşa PKK ilə əlaqələrinin olmasından irəli gəlirdi. Ancaq İmamoğlu ilə bağlı hələlik bu cür sübutlar, dəlillər yoxdur. İndiki zamanda İmamoğlunun vəzifəsindən alınması ölkədə növbəti gərginlik yarada bilər”.