Ürək-damar və nevroloji xəstələrə TÖVSİYƏ: “Bu cür havalar ziyandır”


Qax və Şəki rayonlarına ilk qar yağıb. Azərbaycanın şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecə saatlarında Qax rayonun İlisu 
kəndini əhatə edən Böyük Qafqaz sıra dağlarının zirvələrinə qar düşüb.

Qarın yağması təbii ki, sentyabr ayı üçün ənənəvi hal deyil. Qeyd edək ki, bu ilin yay ayları ərzində də anormal hava müşahidə olunurdu. Əlbəttə, belə hava şəraiti insan orqanizminə təsirsiz ötüşmür. Görəsən, bu aylarda qarın yağması insan sağlamlığı üçün nə dərəcədə təhlükəlidir?

Hadisə ilə bağlı “Sherg.az”a açıqlama verən həkim Şahvələd Məmmədov bildirdi ki, sentyabr ayında qar yağması anormal hava şəraitinin olmasından xəbər verir.

Həkim qeyd edib ki, bu anormallığın həmin bölgədə yaşayan insanlara, ürək-damar və tənəffüs sistemi xəstəlikləri olanlara mənfi təsiri qaçılmazdır:

“Hava haqqında gündəlik məlumatları əldə edirik. Amma dünən dedilər ki, senytabr üçün müəyyən yağıntılar xarakterikdir. Lakin birdən-birə kəskin şəkildə qar yağması təbii ki, qeyri-adekvatdır.

Buna baxmayaraq hava haqqında xəbərlərdə heç deyilməmişdi ki, filan rayonlarda qar yağacağı gözlənilir. Təbii ki, hidrometroloqlar çox vaxt düzgün proqnoz verirlər. Amma bu dəfə bir az çaşdırıcı məqamlar baş verib. Yalnız Azərbaycanda yox bir çox ölklərdə belə anormal hava şəraiti hökm sürür.

Məlumdur ki, iqlim dəyişkənliyi istənilən halda insanların əhval ruhiyyəsinə, sağlamlığına pis təsir göstərir. Xüsusilə ürək damar, nevroloji xəstələrə bu cür havalar ziyandır”.