“...Həmsədrlər bir dəfə də olsun girovlarla maraqlanmayıblar” - Deputat

“Mariya Zaxarova ya məsələdən bixəbərdir, ya da qəsdən özünü məlumatsız adam kimi aparır”. 

Bunu “Sherg.az”a açıqlmasında millət vəkili Elman Məmmədov deyib. 

Deputat bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədr dövlətdir: 

“Vasitəçi ölkənin rəsmiləri Azərbaycanla Ermənistan arasındakı girovlar məsələsindən xəbərsiz ola bilərmi?! Azərbaycan illər ərzində girovlarımızla bağlı dəfələrlə həmsədr dövlətlər, beynəlxalq qurumlar qarşısında məsələ qaldırıb. Halbuki, həmsədr dövlətlər çağırış olmadan əsir və girovlar problemi ilə məşğul olmalıdır.

Bu, onların vəzifə borcudur. Reallıq isə odur ki, bu qədər müraciətə rəğmən həmsədrlər bir dəfə də olsun girovlarla maraqlanmayıblar. İndi bu cür qeyri-səmimi açıqlama verməyin mənası nədir?! Ermənilərin Şuşada saxladığı girovlarımızdan biri - Dilqəm Əsgərov Mariya Zaxarova kimi Rusiya vətəndaşıdır. Rusiya öz vətəndaşlarının taleyinə bu qədərmi biganədir? Düşünürəm ki, yox. Sadəcə olaraq burada erməni faktoru olduğu üçün Moskva bu işdən yaxasını kənara çəkir”. 

Parlament üzvü Ukrayna-Rusiya arasında girovların dəyişdirilməsini alqışlayıb. Ancaq bunun Ermənistan-Azərbaycan arasında baş tutacağına inanmadığını vurğlayıb: 

“Prosesin eyniylə Ermənistan və Azərbaycan arasında baş verməməsinin səbəbi odur ki, düşmən ölkənin rəhbərliyində təmsil olunan şəxslərin hamısı qatı cinayətkar, terrorçu, siyasətdən başı çıxmayan adamlardır.

Belə şəxslərdən hansısa humanist addım gözləmək absurddur. Ona görə də girovların dəyişdirilməsi məsələsi bugünədək həllini tapa bilmir”.