Şərqin Ceyms Bondu - Bu casus prezidenti aldatdı, Mossad üçün işlədi, ərəb generalları ilə... - FOTO

Tarixdə yalnız bir döyüşün deyil, bütün müharibənin nəticəsini dəyişə bilən bir çox gizli agenti tanımırıq. Belə agentlərdən biri kimi mütləq Əli Koeni göstərmək lazımdır. O, bir İsrail kəşfiyyatçısı olsa da, Suriya rəhbərliyinin etimadını qazana bildi, hərbi elita ilə dostlaşdı və illərlə ən qorunan sirləri vətəninə ötürdü. Rusiyanın “Lenta.ru” portalında “Altı Günlük Müharibə”də vətəninin qələbəsi üçün canını verdiyi ən məşhur sionist kəşfiyyatçı – Əli Koenin hekayəsini dərc edib. Məşhur yəhudi agentlə bağlı həmin yazını təqdim edirik: 

 “Siren qışqıranda mən var gücümlə təyyarəyə tərəf qaçdım. Onu götürməyə müvəffəq oldum, amma öz təyyarəm də zərbələr aldı. Çətinliklə yerə düşdüm. Sonra İsrailin hücum təyyarələri meydana çıxdı, uçuş zolaqlarını və təyyarələrimizi məhv etdilər. Onları vurmaq olmurdu". Bunu 5 iyun 1967-ci il tarixini xatırlayan, hazırda istefada olan İordaniya Hərbi Hava Qüvvələrinin pilotu deyir. 
Həmin gün İsrail Hərbi Hava Qüvvələri Misir, Suriya və İordaniyaya məxsus yüzlərlə təyyarəni məhv etməklə, Ərəb koalisiyası ölkələrinin havadakı üstünlüyünü demək olar ki, məhv etdi. Sonrakı beş gündə İsrail ərəblərin üstün hərbi qüvvələri üzərində inamlı qələbə qazanmış oldu. Tarixə “Altı Günlük Müharibə” kimi düşən həmin əməliyyatlar zamanı İsrailin insan itkiləri rəqiblərinə nisbətən on qat az idi. Bununla həmçinin İsrail xeyli ərazi əldə etdi. Bu qələbə Əli Koenin casus şəbəkəsinin uzun illər əziyyətli işi olmadan mümkün deyildi.

Sion oğlu...


İsrail kəşfiyyatının gələcək qəhrəmanı Mossadın və yəhudi dövlətinin hələ mövcud olmadığı zaman doğulub - 1924-cü ildə. Suriya yəhudilərindən olan dindar bir ailəsində kiçik Əli ilə yanaşı daha yeddi uşaq olub. Ərəb dünyasında yüz minlərlə həmkəndlisi kimi, Əlinin də valideynləri “Vəd edilmiş diyar”a inanırdılar. İsrail dövləti elan olunandan ailəsi ora köçsə də, 25 yaşlı Əli ailəsinin dalınca getməyib, Misirdə qalıb. Amma bu doğulduğu və böyüdüyü ölkəyə bağlılığı səbəbindən deyil. Əli kiçik yaşlarından sionist fikirlərin tərəfdarı kimi böyüyüb. O, bütün ərəb dünyası ilə müharibə edən gənc yəhudi dövlətini müdafiə üçün alışıb-yanırdı. İsrailin Misirdə kəşfiyyatçılarının olmasına ehtiyacı vardı. Koen 6 il İsgəndəriyyədə qaldı - İsrail kəşfiyyatından təlimatlar alaraq yəhudi kəşfiyyatının orada işini koordinasiya etdi.
Koenin casus şəbəkəsi xüsusi xidmət orqanları tərəfindən bağlandıqda, misirliləri günahsız olduğuna inandıra bildi. Guya o, sadəcə yaşayış yerlərini tanış yəhudilərə icarəyə götürürmüş, amma həmin yəhudilərin hansı işlə məşğul olduqlarını bilmirmiş. Bununla Misir xüsusi xidmət orqanlarından yaxa qurtara bilib. 

Daha sonra Əli İsrailə gedir, 1955-ci ildə kəşfiyyat məktəbini bitirir. Məktəbi bitirdikdən sonra yenidən Misirə qayıdır. Amma Misirin xüsusi xidmət orqanları Əlini nəzarət altında saxlayırlar. Bu müddətdə Koen İsrailə heç bir fayda verə bilmir. Süveyş böhranından sonra iki ölkə arasında münasibətlər pisləşir və əksər yəhudilər Misiri tərk edirlər. Bu dəfə qalmaq üçün heç bir səbəb yox idi – agent tarixi vətəninə, Suriyaya gedir. 
Koen xarici kəşfiyyatda işini davam etdirmək istəyir. Lakin İsraildəki yerli kadrlar gənc Əlinin Misirin xüsusi xidmət orqanları tərəfindən “diqqətdə” olduğunu bildirərək, onun Mossada xidmət etməsini istəmədilər. Bunu təhlükə kimi gördülər. Əli bir mağazada mühasib kimi işə düzəlir. 1959-cu ildə iraqlı bir yəhudi olan Nadia ilə evlənir və ilk uşaqları olur.

Vətən xatırlayır


İsrail kəşfiyyatı Koeni unutmur. Onun peşəkar ola biləcəyini, İsrailə xeyir verə biləcəyi qənaətinə gəlir. Adam ingilis, fransız və ərəb dillərini mükəmməl bilirdi. Həmçinin onun “foto yaddaşı” var idi ki, bu kəşfiyyatçılar üçün vacib sayılır. Hərbi casuslar Əlinin yanına gəlir və məsuliyyətli bir missiya təklif edirlər. Gələcək casus ilk əvvəl bu təklifi qəbul etməkdə tərəddüd edir. Amma yenə də fürsətdən istifadəyə qərar verir. Çünki mağazadakı iş onu ruhdan salmışdı. 

Əli nəhayət ki, 1960-cı ildə Mossad agenti olaraq təlim kursuna başlayır.
Təxminən doqquz ay ərzində üzərinə düşən missiyanı yerinə yetirməyə hazırlanır. İzləməni necə həyata keçirməyi, izlənməyin qarşısını necə almağı, şifrələməyi və inkişaf etmiş radio avadanlıqları ilə işləməyi öyrənir. Onun “foto yaddaşı”ndan istifadə edilir - hər növ tank, hərbi avadanlıqları və təyyarələrin modellərini xatırlamaq öyrədilir. Dilləri bilməsi, xüsusən ərəbcəni Suriya ləhcəsində danışa bilməsi Koen üçün faydalı idi. Amma bir məsələ var idi, Koen adını unutmalı və başqa bir insan olmalı idi. O, həyat yoldaşı və uşaqları ilə vidalaşaraq, Argentinaya - XIX əsrdə orada məskunlaşan böyük bir ərəb icması olan yerə getdi. Əli Koen Buenos-Ayresə gedəndə artıq Əli Koen yox, “valideynləri tərəfindən böyük mirasa sahib olan, suriyalı bir ailənin müvəffəqiyyətli iş adamı olan Camil Amin Taabet” idi. O adını dəyişib, fəaliyyətinə başlamışdı. Argentinada olarkən casus İspan dilini elə mükəmməl öyrənir ki, həmsöhbətlər onun Latın Amerikasında 15 ildən çox yaşadığına inanırlar. Argentinadakı ərəb icmaları rəhbərləri səxavətli, ünsiyyətdə xoş, doğma Suriya “Taabet”ini çox sevdilər, mütəmadi olaraq ona evlərində qonaqlıq verdilər. Cəmi bir il Əli, casus adı Amin Taabet olan agent, ərəb diasporunun yüksək təşkilatları ilə yüksək əlaqələr qura bildi. O, dostları və qohumları ilə Argentinaya tez-tez gələn Suriya hərbçiləri, sahibkarlar, diplomatlar, jurnalistlər və ən əsası - Suriya ordusu mənsubları tərəfindən tanındı, sevildi və hörmət qazandı. 

Əsəd prezident olandan sonra casusun bəxti üzünə gülür 


Amin Taabet, yəni Əli Koen çox keçmədən təqaüdçü zabit və Baas Partiyasının üzvü, Suriyanın Argentinadakı hərbi attaşesi Amin əl-Hafiz Əsədlə (hazırkı Suriya Prezidenti Bəşər Əsədin atası – A.B) yaxın dost oldu. 1963-cü ilin martında Suriyada Baas Partiyası hərbi çevriliş etdi.  Bu zaman Hafiz Əsəd inqilabçıların ön sıralarında idi. Çevrilişlə hakimiyyəti ələ keçirən Əsədin silahdaşları onu prezident seçirlər. Həmin vaxt Əsədin gənc “milyoner dostu”, casus Taabet bir ildən çox idi ki, Dəməşqdə yaşayırdı. Taabet Suriyada Baas Partiyasının qurultaylarında iştirak edir, iclaslara qatılır, arxa sıralarda Əsədin dostu olaraq danışılan söhbətləri dinləyirdi. Əsəd prezident olandan sonra casusun bəxti üzünə gülür – təsadüf nəticəsində ona paytaxtdakı prezidentin qonaqlıq sarayı və ordu generalları heyətinin qarşısında bir mənzil verilir. 
İsrail casusu həmin mənzildə demək olar ki, Suriyanın ən yüksək hərbi və siyasi idarələrində kimlərin təmsil olunduğunu, yüksək səviyyəli görüşlərin hansı otaqlarda keçirildiyini və nə qədər davam etdiyini müşahidə edə bilir. Lakin baş verənləri bilməsi, görməsi ilə kifayətlənmir: Argentinada qazandığı nüfuzdan məharətlə istifadə edərək Koen həmin generalitetlə yeni əlaqələr qurur.

Bir qonaqlıq təşkil edərək Suriya Baş Qərargahının zabitlərini o qonaqlığa dəvət edir, söhbətlər edir. Qısa müddətdə Koen Suriya elitasının etimadını qazanır və hətta Müdafiə nazirinin müşaviri olur (Ancaq indi ərəblər bunu inkar edirlər). Suriyalılar prezidentin köməkçisinin, ölkənin təhlükəsizlik qüvvələrinin polkovniki və ümumdünya sevimlisinin əslində ərəbləri məğlub etmək üçün hər şeyə hazır olan bir sionist yəhudi olduğunu təsəvvür edə bilməzdilər. İstedadı sayəsində Amin Taabet onlarla hərbi qurğuları görməyi, yadda saxlamağı və fotoşəkilləri çəkməyi və bir çox dövlət sirlərini öyrənməyi bacarıb. O, hər gün bir portativ radio ötürücü istifadə edərək İsrailə şifrəli mesajlar ötürür, görünməz mürəkkəblə yazılmış məktublar göndərir və müxtəlif yollarla, həmçinin radioda "dinləyicilərin tələbi ilə" efirə gedən mahnılardan cavab təlimatları alırdı.

Şamdan olan adam…


Rəsmi rəqəmlərə görə, Koen İsrailin təhlükəsizliyi üçün əvəzsiz xidmət göstərib. Agentin yüzlərlə məruzəsi üç il ərzində bəzən yəhudi dövlətinin yaşaması üçün lazım olan məlumatları təmin edib. 1964-cü ildə İordan çayının kanalını dəyişdirmək planları haqqında İsrail kəşfiyyatına məlumat verir. Belə ki, o zaman ərəblər, İsraili içməli suyun üçdə bir hissəsindən məhrum etmək üçün çayın məcrasını dəyişmək istəyib. Bu plan haqqında Koen İsrailə məlumat ötürür. İsrail kəşfiyyatının əldə etdiyi bu məlumatlar, çayın məcrasını dəyişmək üçün istifadə olunacaq texniki avadanlıqların İsrail Hərbi Hava Qüvvələrinin hücumu ilə məhv edilməsinə şərait yaradır.  Həmçinin Koenin məlumatı sayəsində İsrail, Sovet İttifaqının Suriyaya nə qədər və hansı növ hərbi texnikalar yerləşdirəcəyini, harada saxlanıldığını və nə üçün nəzərdə tutulduğunu əksər suriyalı generallardan əvvəl öyrənirmiş. 

Kəşfiyyatçı Suriyada olduğunu təsadüfən öyrəndiyi nasist cinayətkarı Franz Rademaçerin harada olduğu barədə də Təl-Əvivə məlumat verir. Tezliklə Rademaçerdən qisas alınır. Bütün bu xidmətlərdən başqa, bəlkə də Koenin fəaliyyətinin ən əhəmiyyətli nəticəsi Qolan yüksəkliklərindəki ağaclar idi. Bildiyimiz kimi Qolan yüksəkliyi İsrail üçün kiçik, amma çox vacib bir ərazidir. Bu yüksəkliklərdən Suriyanın əhəmiyyətli hissəsi atəşə tuula bilər və tez bir zamanda hücuma keçmək mümkün olar. Hərbçilərin və siyasətçilərin “dostu”, “vətənpərvər” və xarizmatik “Camil Amin Taabet” bir çox hərbi obyektləri ziyarət edir – Qolan yüksəkliyində yerləşən artilleriya mövqelərinə baş çəkir. İstidə dayanan hərbiçiləri görəndə, bunkerlərin ətrafına evkalipt ağacları əkməyi təklif edir. Təklifinin səbəbini də onunla əsaslandırır ki, ağaclar təkcə kölgə yaratmayacaq, eyni zamanda bunkerlərə girişləri düşmən pilotlardan gizlətməyə kömək edəcək.
Suriyalılar Taabetə qulaq asırlar və Qolan yüksəkliyində ağaclar əkilir. 1967-ci ildə isə İsrail Hərbi Hava Qüvvələri bombalayan zaman həmin o ağaclardan istifadə edir. 

Casus yaxalana biləcəyini düşünürdü 


Koen xidmət illərində İsrailə cəmi üç-dörd dəfə səfər edir. Sonuncu dəfə 1964-cü ilin sonunda - yalnız üçüncü uşağının doğulmasını görmək üçün… O həmin vaxt Suriyaya qayıtmaq istəmədi. Çünki Koen onun “Taabet” kimliyinə ümumdünya məhəbbətini qısqanclıqla qarşılayan Əhməd əl-Suveydani Suriyada kəşfiyyat komandiri olmuşdu. Casus bu səbəbdən yaxalana biləcəyini düşünürdü. Amma rəhbərləri onu işini davam etdirməyə inandıra bildi. O, yenidən Suriyaya gedərkən həyat yoldaşına bunun son səfər olduğunu və bundan sonra İsrailə qayıdıb, başqa işlərlə məşğul olacağını vəd edib.
O dövrdə Suriya hərbi rəhbərliyi içlərində bir İsrail agentinin olduğundan ciddi şübhələniblər. Çünki yəhudilər dəfələrlə onların hərbi sirlərini yaxşı bildiklərini nümayiş etdirirdilər. 1964-cü ilin noyabrında Suriya artilleriyası İsrail ərazisini vurur. İsrail Hərbi Hava Qüvvələrinin cavab atəşi təəccübləndirəcək dərəcədə dəqiq və uğurlu olur. Bu Suriya generalitetində şübhələri daha da artırır. 

Bundan sonra Suriya hərbi rəhbərliyi SSRİ-də istehsal olunan son radio texnologiyasının köməyi ilə "mole" izləməyə başlayır. Ciddi məxfilik şəraitində əks-kəşfiyyat “radio sükutu” edərək efirdən “keçməyə” başlayır. Səhər saatlarında şifrəli siqnal əldə edə bilirlər. Bu, siqnal Suriya ordusunun Baş Qərargah binasının qarşısındakı mənzildən gəlir. Təəccüb içində qalsalar da, Koeni tuturlar. Artıq onun İsrail casusu olduğu üzə çıxır. 

Casusun taleyi…


Saxlandıqdan sonra Koenə dörd həftə boyunca işgəncə verilib. Sonra vəkillə təmin olunmayaraq hərbi məhkəməyə çıxarılır. Koeni İsrail kəşfiyyatı nə oğurlaya, nə də dəyişdirə bildi. Hətta Roma Papasının xahişi də ərəbləri məhbusu azad etməyə inandıra bilmədi. Əfsanəvi casus haqqında hərbi məhkəmə ölüm hökmü çıxardı və may ayında Dəməşqdəki mərkəzi meydanda asıldı. Sionistin edamını görmək üçün 10 min insan toplandığı deyilir.

Həyat yoldaşından üzr istədi və, onun yenidən evlənməsini…


Bəzi mənbələrə görə, Koenin cəsədi yəhudi qəbiristanlığında bilinməyən, izi itirilərək dəfn edilib. Mossad tərəfindən cəsədinin oğurlanmaması üçün gizli bunkerdə basdırıldığı da iddia olunur. Bu günə qədər yalnız onun saatları geri qaytarılıb. Agentlər Koenin saatlarını başqa bir ölkədə auksionda tapıb alıblar. Aprel ayında rus qoşunlarının casusun qalıqlarını Suriyadan çıxardığı barədə şayiələr ortaya çıxdı. Amma bu məlumat rəsmi təsdiqini tapmadı. Məlumata görə, edamdan əvvəl Əli Koenə ravvinlə görüşməyə icazə verilib. İsrailə göndərilən məktubda agent ailəsindən üzr istəyir, həyat yoldaşına keçmişlə yaşamamağı, gələcəyə baxmağı tövsiyə edir. Həmçinin yoldaşına məktubunda deyir ki, uşaqlarının atası ola biləcək biri ilə yenidən evlənsin. Amma Nadia Koen evlənmədi, keçmişi də unuda bilmədi. Yəhudi dövləti də öz qəhrəmanını unutmadı. Onun haqqında filmlər və seriallar çəkildi, İsrail şəhərlərindəki küçələr və hətta Qolan yüksəkliklərindəki bir yaşayış məntəqəsi də ən yaxşı Mossad agentinin şərəfinə adlandırıldı. Koenin hekayəsi, İsrail dövləti və yahudi xalqı üçün canlarını verməyə hazır olan bütün israilli nəslini ruhlandırdı.