Sərnişinlər də bezəcək, sürücülər də, dərsə gecikən balacalarsa...


Yeni tədris ilinin əsas problemi dəyişməz qalır: tıxaclar. 
3 gündən sonra şəhərin yolları əsəb mənbəyinə çevriləcək. Onsuz da hər gün hardasa tıxac yaranır, sərnişinlər avtobuslardan asılı qalır. Dərslər başlayanda isə vəziyyət daha da pisləşir.

Səbəblər bir deyil, iki deyil. Amma öncə bunu deyək ki, Bakı şəhər Baş Polis İdarəsi artıq hərəkətə keçib. Növbəti tədris ilinin başlanması ilə əlaqədar sentyabrın 15-dən oktyabrın 15-dək “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı keçiriləcəyini elan edib.

Zatən Dövlət Yol Polisi illərdir vətəndaşlara iş saatlarında şəxsi avtomobillərdən az istifadə etməyi, ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edir.


Amma, sanki, bizim vətəndaşlar bu çağırışlara qulaqlarını tıxayıblar. Cavabları da budur ki, «uşaq dərsə gecikər». Daha bunu nəzərə almırlar ki, uşaq məktəbə, universitetə məhz şəxsi avtomobili ilə getdiyi üçün digər uşaqlar dərsə gecikir.

Sentyabrın 16-dan (sentyabrın 15-i bazaar günüdür. M.R.) paytaxt məktəblərinin, universitetlərin  qarşısı maşın bazarına xatırladacaq. Siqnal səslərindən də qulaq tutulacaq. 

Sərnişinlər də bezəcək, sürücülər də, dərsə gecikən balacalarsa gözününü yaşını tökəcək. 



Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli «Sherg.az»a açıqlamasında bildirdi ki, təhlükəsizlik aylığının əsas göstəricisi orta məktəblərin qarşısında yol nişanlarının, piyada keçidlərinin yerli-yerində olmasıdır:

- Elə məktəblər var ki, şagirdlər avtomobil yolunu keçməkdə çətinlik çəkir. Heç bir yol nişanı qoyulmur, piyada keçid zolaqları olmur. Əvvəlcə bu çatışmazlıqlar həll edilməlidir. Təkcə paytaxt deyil, regionlar üzrə də dəqiq monitorinqlər aparılıb yol infrastrukturunun işlək vəziyyətdə olub-olmadığı yoxlanmalıdır. Tədris ili ərzində şagirdlərin yol qəzası keçirdiyinə dair xəbərlər alırıq. Bu vəziyyəti yaradan şərait aradan qaldırılmalıdır.  

İ.Hüseynli bildirdi ki, tıxac probleminə isə kompleks yanaşma vacibdir: 

- Tıxacı yaradan səbəblər aradan qaldırılmayınca, bu problem çözülməyəcək. Söhbət tədris ilinin başlanmasıyla tıxacların da artacağından gedirsə, bunun aradan qaldırılması üçün əsas iki məsələ həllini tapmalıdır. Birincisi, ali təhsil müəssisələrinin paytaxtdan köçürülməsi məsələsidir. Bu reallaşarsa və paytaxtdan kənarda tələbə şəhərcikləri salınarsa, tıxacların aradan qalxması xeyli asanlaşacaq.

İkinci, böyük problem, bəlkə də ilk baxışda qəribə səslənəcək, tədrisin səviyyəsinin yüksəldilməsidir. İzah edim. Hazırda bir çox valideyn ibtidai sinfi bitirmiş övladını tədrisin keyfiyyətli olduğu deyilən hansısa özəl məktəbə, liseyə yazdırır. Həmçinin, evinin yaxınlığındakı məktəbdə zəif tədris verildiyini əsas gətirib övladını evdən xeyli aralı hansısa məktəbə aparanlar da var.

Tədrisin keyfiyyəti bütün orta məktəblər üzrə yüksəldilərsə, valideynlər övladlarının yaxşı təhsil alması üçün uzaq məsafələrdə yerləşən tədris müəssisələrinə getməli olmaz. Hansı valideyn istəməz ki, övladı evin yaxınlığındakı məktəbdə oxusun, piyada dərsə gedib-gəlsin, yol yorğunu olmasın?!. Amma bu məsələdə valideynlər qınanası deyil.

Hər bir valideynin istəyidir ki, övladı yaxşı, keyfiyyətli tədris verən məktəbdə oxusun. Bu məqsədlə də uşaqlarını yanlarına alıb «diyarbədiyar» düşməli olurlar. Bu məsələdə məktəb servisləri də əhəmiyyətlidir. Şagirdləri məktəbə aparıb-gətirən xidmət avtobusları olarsa, əlbəttə, bu da tıxacların qarşısının alınmasında, həm təhlükəsizlik baxımından, həm də şagirdin dərsə vaxtında gedib-gəlməsi üçün çox uyğun vasitədir.

Problem burasındadır ki, dövlət məktəblərinin buna imkanı çatmır. Özəl məktəblər üçün bu, problem deyil. Təhsil ödənişli olduğundan şagirdləri gətirib-aparacaq xüsusi avtobus xidməti təşkil edə bilərlər.

Məktəb servisi şagirdlər üçün uyğun bir vasitədir. Uşaq yorulmur, vaxtının böyük hissəsini yola sərf etmir. Valideyn də günün müəyyən saatını uşağın dərsdən evə aparılmasına sərf etməli olmur. Bir neçə uşağın eyni vaxtda, eyni nəqliyyat vasitəsi ilə məktəbə gedib-gəlməsi kollektivçilik, birgəlik vərdişləri də formalaşdırır. 

İ.Hüseynli qeyd etdi ki, bəzi vətəndaşların şəxsi avtomobili ilə seçilmək istəyi təəssüf doğurur:

- İctimai nəqliyyatdan istifadə bir vərdişdir, mədəniyyət göstəricisidir. Tıxaclar müasir həyatın qaçılmaz problemidir. Bütün böyük meqapolislər tıxaclardan əziyyət çəkir. Amma müxtəlif ölkələr bunun müxtəlif həll yollarını tapır.

Məsələn, Yaponiyada velosiped sürmək yayqın bir şəkil alıb. Həm sağlamlıq üçün xeyirlidir, həm əlavə məsrəf deyil, vaxt itkisi yaratmır. Avropa ölkələrində də şagirdlər, tələbələr velosipedlərə və daha çevik, qıvraq, tıxaclarda manevr etmək imkanları geniş olan motosikletlərə üstünlük verirlər. Bizdə isə sanki hər kəsdə şəxsi avtomobili nümayiş etdirmək «xəstəliyi» yaranıb.

Bəziləri hətta ən qısa məsafələrə də şəxsi avtomobili ilə getməyi üstün tutur. Amma bununla başqasına mane olduqlarının fərqinə belə varmırlar, bəlkə fərqinə varmağı heç düşünmürlər də.