“Boltonun istefası Rusiya və İran üçün olduqca mühümdür” - ŞƏRH


“Heç bir dövlət Con Bolton kimi kəskin mövqeli siyasətçiləri sevmir”

Bunu “Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib. 

Professor bildirib ki, ABŞ prezidenti Donald Tramp iqtisadiyyatdan gəlmiş bir adamdır. Ona görə də bir çox məsələlərdə şəxsi ticarət maraqları daha öndə olur: 



“Tramp Amerika üçün xidmət edən adamları bir-bir vəzifədən uzaqlaşdırır. Məlumdur ki, Bolton vəzifəyə gələndən sonra bir çox dövlətlərlə gərginlik artmışdı. Xüsusən, Rusiya və İranla münasibətlər daha da gərginləşmişdi.

Ən əsası isə Tramp Rusiya və başqa ölkələrlə biznes əlaqələri qurmaqda problemlərlə üzləşirdi. Bu faktorlar Con Boltonu çox güclü göstərirdi. 

Bolton həm Avropa İttifaqı, həm də Ukrayna məsələsində fərqli davranmağı seçmişdi. Ümumiyyətlə, əksər məsələlərdə çox sərt mövqeyi olan bir siyasətçi idi. Hesab edirəm ki, Boltonun istefaya məcbur edilməsi Putin və Ruhaninin siyasi qələbəsi deməkdir. Çünki hər iki dövlətin ABŞ-la ciddi problemləri var”. 

Professor bildirib ki, Bolton müharibəyə meyilli siyasətçi idi: 

“Tramp ətrafındakı adamların biznesinə yardım etməklə onların dəstəyini qazanırdı. Bolton isə müharibə ilə məqsədə çatmağın daha düzgün olduğunu düşünürdü. Əslində Amerika kimi dövlətdə Boltonun vəzifədən getməsi elə də problemli hadisə deyil. Amma Rusiya və İran üçün olduqca mühüm istefadır”.