“Elektron siqaret və qəlyan konserigen təsirə malikdir”

ABŞ-da səbəbi elektron siqaretə bağlanan "sirli xəstəlik" yayılmağa başlayıb. Aprel ayından etibarən 400-dən çox oxşar halla üzləşən ABŞ səhiyyə rəsmiləri hərəkətə keçirib.

Onların verdiyi açıqlamaya görə, "sirli ağciyər xəstəliyi” üzündən ölənlərin sayı 5-ə çatıb. Məhz buna görə də, onlar ABŞ-da elektron siqaretin qadağan olunması təklifi ilə çıxış ediblər. 



Elektron siqaretlərin ziyanı ilə bağlı “Sherg.az”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, elektron siqaretlərdə istifadə olunan maddələr süni boyalardır.

Professorun sözlərinə görə, əksinə süni maddələrin effekti zaman-zaman insanlarda siqaret çəkmək istəyi yaradır:

“Əslində elektron siqaretlərin tərkibində istifadə olunan maddələrin özü konserigen təsirə malikdir. Yanma zamanı onlardan alınan tüstünün tərkibində də sağlamlığa ziyan vuran maddələr var. Hesab edirəm ki, elektron siqaretlər gələcək təsirinə görə, heç də adi siqaretdən geri qalmır. Bu, yalnız elektron siqaretlərə yox həmçinin qəlyanlara da aiddir. Təəssüf ki, qəlyan çəkənlər də birmənalı şəkildə bilməlidirlər ki, istifadə etdikləri maddələr süni meyvə qoxuludur. İstifadə zamanı parçalanan və əmələ gələn maddə konsergien ola bilər. Guya siqaretin tərgidilməsi üçün bir metod üzə çıxır.

Bu zaman müəyyən biznes məqsədi və korporativ maraqlar üçün ayrı-ayrı firmalar məhsul istehsal edirlər. Məhsulun zərərli olması aşkar olunana kimi, nə qədər insanın sağlamlığı təhlükə altında olur. Siqareti tərgitmək üçün insanlar ortaya iradə qoymalı və buna şüurlu yanaşmalıdırlar. Başqa vasitələrdən istifadə etməyə heç bir gərək yoxdur”.