Fransalı deputatların qanunsuz səfərinə MÜNASİBƏT: “...təsiri olmayacaq !”

Fransa Parlamentinin bir qrup üzvü Dağlıq Qarabağ bölgəsinə səfər edib. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması səfərlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, fransalı deputatların işğal altında olan torpaqlarımıza səfəri qanunsuzdur:

“Fransa Parlamentinin üzvləri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edərək, cinayətkar işğalçı rejimin “nümayəndələri” ilə görüşlər keçirib. Həmçinin bir sıra “tədbirlər”də iştirak ediblər.

Fransa Parlament üzvlərinin Dağlıq Qarabağa səfəri təxribat xarakteri daşıyır. Səfər vasitəçiliyi həyata keçirən ölkənin tutduğu mövqeyə uyğun gəlmir”.

Müxtəlif zamanlarda işğal edilmiş torpaqlarımıza bu cür səfərlərin şahidi olmuşuq. Tərəfimizdən dəfələrlə bəyənatlar səsləndirilsə də, qanunsuz və təxribat xarakterli səfərlər bitmək bilmir. Maraqlıdır, fransalı deputatların Dağlıq Qarabağ səfərində məqsəd nədir?



Fransalı deputatların Qarabağa səfərini “Sherg.az”a şərh edən politoloq Tofiq Abbasov söyləyib ki, Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma tədbirlərin heç bir hüquqi çəkisi yoxdur.

Politoloq bildirib ki, belə səfərlər nə qədər intensiv olsa da, bunların Qarabağ probleminə heç bir təsiri olmayacaq:

“Bu minvalla onlar Azərbaycan tərəfinə psixoloji təsir göstərmək istəyirlər. Artıq buna nail ola bilmirlər. Düzdür, vaxtaşırı Azərbaycanın xarici siyasət idarəsi bəyənatlar verir. Həmin bəyənatlardan sonra dərhal müxtəlif dövlətlərin reaksiyasının şahidi oluruq. Onlar Qarabağda keçirilən qondarma seçkiləri tanıdırlar.

Həmçinin bu yaxınlarda Fransada bəzi şəhərlərin qondarma respublika ilə münasibətləri və keçirdikləri tədbirlərin hamısı məhkəmə yolu ilə tanındı. Bütün bunlar isə bizim qələbələrimizdir. Ona görə də belə səfərlərə strateji əhəmiyyət vermək düzgün deyil. Çünki bu səfərlərin nə mahiyyəti, nə də xeyri var.

Əlbəttə, Azərbaycan dövləti proseslərin hamısını nəzərdən keçirir. Lakin bu, o demək deyil ki, biz kimlərdənsə qorxur və ya çəkinirik”.